YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Bu fərmanla Qarabağ vahid ərazi kimi bizim həm tariximizə, həm siyasətimiz, həm də iqtisadi platformamıza daxil olacaq

“Prezident İlham Əliyevin iyulun 7-də “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı Fərman həm Paşinyanın Moskva səfərinə, həm də son günlərdə Ermənistanın törətdiyi təxribatlara çox güclü cavab oldu”.

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni TV”nin canlı yayımında bildirib.

M.Quliyevin deyib ki, sözügedən sənədlə Azərbaycanın yeni iqtisadi rayonlaşma bölgüsü müəyyənləşdi: “İndiyə qədər Azərbaycanda 10 iqtisadi rayon müəyyənləşmişdisə, artıq onların sayı 14-ə çatdırıldı. Fərmanın ən böyük tarixi əhəmiyyəti ondan ibarətdir ki, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını özündə əks etdirən Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı. Zəngəzur, bütövlükdə Şərqi Zəngəzur sözü son 100 ildən sonra rəsmi yazışmalarımıza, siyasətimizə, siyasi ədəbiyyatımıza gəlmiş oldu. Bəs niyə Şərqi Zəngəzur, bütövlükdə Zəngəzur yox? Bunun da çox ciddi tarixi olmaqla yanaşı, siyasi mənası və əhəmiyyəti var. Şərqi sözünü oxuyan istənilən hər bir adamın beynində belə bir düşüncə yaranır ki, deməli, Qərbi Zəngəzur da var. Necə ola bilər ki, Şərqi Zəngəzur bir ölkənin ərazisindədir, bəs Qərbi Zəngəzur hardadır? Artıq burada Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi tarixi insanların yadına düşəcək. Onun nə qədər ədalətsiz və haqsız qərar olduğu düşüncəsi yaranacaq.

Digər tərəfdən, Qarabağ iqtisadi rayonunun yaradılması gəlincə, bu əvvəllər Yuxarı Qarabağ iqtisadi rayonu adlanırdı. İndi isə yuxarı-aşağı söhbəti yoxdur, vahid Qarabağ məkanı var. Bu fərmanla Qarabağ vahid ərazi kimi bizim həm tariximizə, həm siyasətimizə, həm də iqtisadi platformamıza daxil olacaq. Hesab edirəm ki, gələcəkdə sosial-iqtisadi proqramlar qəbul olunan zaman Qarabağ iqtisadi rayonu üçün də ayrıca proqramlar nəzərə tutulacaq”.