YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qurtuluş Günündən başlanan yüksəlişin zirvəsi: Tarixi Zəfərimiz

Vüqar Rəhimzadə,

“91-lər”in üzvü, “İki sahil” qəzetinin baş redaktoru,

siyasi elmlər doktoru, Əməkdar jurnalist

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər

Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” müdrik kəlamı bugünkü reallıqlarımızda bir daha özünü təsdiqləyir

Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 15 iyun 1993-cü ildən bizi 28 illik zaman ayırır. Xalqımız bu il Milli Qurtuluş Gününü tamamilə fərqli ovqatda, fərqli hədəflərlə, arzu və istəklərlə qeyd edir. Çünki möhtəşəm  Zəfərimizlə bu tarixi günü əsl toy-bayram ovqatı ilə qarşılayır, o həlledici gündən ötən 28 ilin Azərbaycan dövlətinin və xalqının həyatında hansı mühüm hadisələrlə yadda qaldığını təhlil edir və ümumiləşdirilmiş şəkildə “Gözün aydın, Azərbaycan! Gözün aydın, Azərbaycan xalqı! Zəfəriniz mübarək!” deyirik. 30 ilə yaxın müddətdə yurd həsrəti, torpaq sevdası ilə yaşayan xalqımız üçün bundan böyük xoşbəxtlik ola bilməz. Artıq çağdaş dünya tarixinə ən mükəmməl hərbi əməliyyatlar dövrü kimi düşən 44 günlük İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinə, nisgilinə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, dünya bir daha Azərbaycanın hansı imkanlara malik olduğuna şahidlik etdi. Müqəddəs Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu  nümayiş etdirdi. 30 ilə yaxın düşmən tapdağı altında qalan həmin ərazilərimiz bu gün tarixi sahiblərinə qovuşduqları üçün sevinclidir, qürurludur. Mənfur düşməndən təmizlənmiş cənnət Qarabağımızda artıq yeni həyat başlayıb. 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız Böyük Qayıdışı gözləyir.  Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri, Prezident  İlham Əliyev işğaldan azad edilmiş ərazilıərimizə davamlı səfərləri ilə  bu torpağın sahibinin Azərbaycan xalqı  olduğunu bir daha təsdiqləyir. Torpaqlarımız şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edildi. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Azərbaycan  igid oğulları “Ömürdən pay olar, Vətəndən pay olmaz,” deyib “Dəmir yumruq” əməliyyatını uğurla başa çatdıraraq tarixi torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasını, Qarabağın döyünən ürəyi Şuşamızın özümüzə qayıtmasını, Cıdır düzündə 28 ildən sonra Novruz tonqallarının alovlanmasını, “Xarıbülbül” musiqi festivalının keçirilməsini, bu məkandan muğamlarımızın səslənməsini, Şuşa və digər məscidlərimizdə azan səsinin eşidilməsini, bir sözlə, illərdir səbirsizliklə gözlədiyimiz, sıralandıqca bitib tükənməyən arzularımızı gerçəkliyə çevirdilər. Azərbaycanı daim irəliyə aparan milli ruh, vətənpərvərlik hissi, torpaq, Vətən sevgisi 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi  şərtləndirən başlıca amil oldu.

Bu Qələbənin müəllifi 15 iyun 1993-cü il tarixini Milli Qurtuluş Günü kimi əbədiləşdirən, Azərbaycanın müstəqilliyinin sarsılmazlığını təmin edən, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin siyasi kursunu son 18 ilə yaxın dövrdə bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız  İlham Əliyevdir. Cənab İlham Əliyev  Zəfərimizin baş memarı və əsas hərəkətverici qüvvəsi olmaqla Azərbaycan tarixinə adını qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı.

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Milli Qurtuluş Gününü tarixi Zəfərimizlə qeyd etmək xoşbəxtliyini xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir, belə güclü, qüdrətli ölkənin vətəndaşı olmaqdan qürur hissi keçirdiyini bildirir, ölkə Prezidentinin ətrafında sıx birləşməklə Qarabağımızı cənnətməkana çevirmək üçün səylərini birləşdirir. Tarixi Zəfərinə yol açan Milli Qurtuluş Günün mübarək, Azərbaycan!

Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Eyni zamanda, zaman keçilən yolun düzgün təhlili və perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin mənbədir. Tarixə nəzər salaq.

Azərbaycanın inkişafının və yüksəlişinin əsas istinad nöqtəsi

Məlumdur ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Bununla da Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək yenidən milli azadlığına, dövlət müstəqilliyinə nail oldu. Amma müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu  sonrakı hadisələr bir daha təsdiqlədi. Çünki müstəqilliyimizin ilk  2 ilində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı səriştəsiz, milli hiss və duyğulardan uzaq üzdəniraq “liderlərin” rəvac verdikləri daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən,  xaosdan, anarxiyadan,  Ermənistanın işğalçılıq siyasətindən, nəhayət, dövlət idarəçiliyindən bixəbər iqtidarın özbaşınalığından sabaha ümidini itirmişdi. Hakimiyyətlə xalq arasında uçurum yaranmışdı.  Bu hallar  ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və hər an  müstəqilliyini itirmək təhlükəsinin reallaşmasına gətirib  çıxarırdı. Təbii ki,  istər zor gücünə  hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də geniş xalq kütləsi çox yaxşı bilirdi ki, hadisələr belə davam  edə bilməz. Xalq ayağa qalxaraq öz xilaskarına- ulu öndər Heydər Əliyevə üz tutdu.  Azərbaycanın o zamankı rəhbərləri də dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldular. Ümummilli lider Heydər Əliyev  xalqın təkidli tələbi  ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Həmin vaxt  Gəncə hadisələri yaşanır, ayrı-ayrı siyasi qruplaşmaların məqsədləri naminə qardaş qanı axıdılırdı. Məhz ulu öndər Heydər Əliyev xalqının xilası naminə həyatını təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə ətraflı tanış oldu, şəhər sakinləri və hərbi qulluqçularla görüşdü.  Ümummilli Lider iyunun 15-də respublika Ali Sovetinin növbəti iclasında Gəncə hadisələri barədə qəti fikrini bildirdi. Bu sessiya  belə bir  mühüm məqam ilə də  yadda qaldı ki, ulu öndər Heydər Əliyev səs çoxluğu ilə Azərbaycan Ali Sovetinin Sədri seçildi.  Əgər Heydər Əliyev o məqamda Azərbaycan rəhbərliyinə gəlməsəydi, bu gün Azərbaycan adlı bir dövlətin dünya siyasi xəritəsində mövcudluğundan belə söhbət gedə bilməzdi. Ona görə də 1993-cü il əslində müstəqilliyimizin ilk ili oldu. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, dövlətçilik təcrübəsi, dünyagörüşü,  düşünülmüş və gələcəyə hesablanmış siyasəti  nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf dövrü başlandı.

Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Hər bir dövlətin inkişafında  və tərəqqisində  siyasi sabitliyin əsas amil olduğunu önə çəkən ümummilli lider Heydər Əliyev Azərbaycanı o illərin xaosundan, anarxiyasından, özbaşınalıqlarından xilas etdi.  Ulu öndər Heydər Əliyev bütövlükdə Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq məqsədilə bütün resursları səfərbər edərək 1994-cü il mayın 12-də təcavüzkar dövləti və havadarlarını atəşkəs haqqında sazişi imzalamağa məcbur etdi. Azərbaycanın inkişafı naminə Heydər Əliyevin ətrafında sıx birləşən xalq isə dahi şəxsiyyəti müdafiə edən sipərə çevrilirdi. Məhz formalaşmış xalq-Heydər Əliyev birliyi xarici anti-Azərbaycan dairələrinin dəstəyi ilə 1994 və 1995-ci illərdəki dövlət çevrilişlərinə cəhdlərin qarşısını aldı.

1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə  yaradılmış komissiya tərəfindən hazırlanan və ümumxalq səsverməsi yolu ilə  Azərbaycanın  Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik, hüquqi, sivil dəyərlərə malik ölkə olaraq  milli kimliyini beynəlxalq aləmə təqdim etdi.

Ümummilli Lider “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürərək iqtisadiyyatımızın inkişafında neft amilinə yüksək önəm verdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası  bugünümüz və  gələcəyimiz üçün hesablanmış addımlar sırasındadır.  Azərbaycanın neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış əlverişli investisiya iqlimi, güclü siyasi iradə və qurulan möhkəm beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etdi.

Onu da qeyd edək ki, ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanılmasını təmin edir.  Fond Ümummilli Lider  tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir. Qurumun yaradılması fəlsəfəsinin əsas qayəsini neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin edilməsi təşkil edir. Hazırda Dövlət Neft Fondunun vəsaitləri hesabına biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir.

Ümumilikdə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ulu öndər Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasətinin əsas xəttini təşkil edirdi. Daim xalqına güvənən, onun gücünə, müdrikliyinə arxalanan Ümummilli Lider  iqtisadi islahatların əsasında vətəndaş amilini saxlamaqla, sosial problemləri aradan qaldırdı.

Qurtuluşun Azərbaycana qazandırdığı uğurlar sırasında Azərbaycanın demokratik təsisatlarının yaradılmasını xüsusi qeyd etməliyik. Ulu öndər Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Azərbaycan demokratiya yolu ilə gedir və gedəcək. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərin ölkəmizdə bərqərar olunması istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlar dövlətimizin bu məqsədin gerçəkləşməsində maraqlı olduğunu təsdiqlədi. Ölkədə söz,  mətbuat azadlığının təmin olunması, insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, plüralizmin təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlərin görülməsi  bir daha təsdiqlədi ki, Azərbaycanda demokratiya prinsiplərinə sadiqlik sözdə deyil, əməldədir. Milli  Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən vəzifələr  tam aydınlığı ilə müəyyənləşdirildi.

Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, Amnistiya aktları və əfv Fərman və sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəkləndi.  Ulu öndər Heydər Əliyevin Fərmanı əsasında  senzuranın ləğvi sözün həqiqi mənasında azad, müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. 1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu.  Ulu öndər Heydər Əliyevin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının davamlılığının nəticəsi idi ki, O, 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri sırasında bu gün milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Partiyanın zamanın tələbi, xalqın istəyi ilə yaranması  o illərin reallıqlarının aydın mənzərəsini yaradır. 91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini özündə ifadı edən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti tarixə mühüm hadisə kimi yazıldı.  Ümummilli Lider “Yeni Azərbaycan uğrunda” cavabı ilə xalqla bir olduğunu növbəti dəfə nümayiş etdirdi, Azərbaycanın düşdüyü vəziyyətdən xilasında belə bir partiyanın böyük rol oynacağına əminliyini ifadə etdi. Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da  hazırkı radikal müxalifətdən fərqli olaraq dövlətçiliyə müxalifətdə dayanmadı, ölkəmizin inkişafına dəstək oldu.  Qısa zamandan, 7 ay sonra ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanla yanaşı, Yeni Azərbaycan Partiyasının da həyatında yeni mərhələnin əsasını qoydu. Partiya iqtidar partiyası kimi fəaliyyətini davam etdirdi.

Azərbaycanın demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləməsinin nəticəsi idi ki, ölkəmiz 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatlarından olan Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul olundu. Atılan bu və digər addımlar  demokratiyanın  Azərbaycan xalqının həyat tərzi olduğunu təsdiqlədi.

Qurtuluş Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün də geniş yol açdı. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Ümummilli Lider hər bir xarici ölkəyə səfəri zamanı diqqəti Azərbaycan həqiqətlərinə,  Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinə yönəltdi.  Qarşıya bu hədəf qoyuldu ki,  diplomatiyamız özünümüdafiə xarakteri daşımamalı, hücum diplomatiyası olmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli dövlətimizin xarici siyasətinin əsas məsələsi kimi öndə dayandı. Həmçinin sülh danışıqlarını cəsarətlə aparmaq üçün müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğuna diqqət artırıldı. Bu məqamı da xüsusi qeyd etməliyik ki, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görmək istəyən ümummilli lider Heydər Əliyev bu istiqamətdə mühüm addımlar atmışdı ki, bunlardan da biri Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması idi. Hazırda Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin yetirmələridir. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu yaradıldı. 

Bir sözlə, aparılmış qısa təhlil tariximizin 1993-2003-cü illərinin aydın mənzərəsini yaradır.  Bu illər tariximizə sabitlik, inkişaf illəri, Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi yazılıb. Son 17 ildən artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev fəaliyyətini  o illərdə müəyyən edilmiş strategiya çərçivəsində davam etdirərək  Azərbaycanı inkişaf etdirir, tariximizə zəngin uğur  səhifələrinin yazılmasını təmin edir.

Bu məqamı da xüsusi qeyd etməliyik ki, Heydər Əliyevin  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu illər də Azərbaycanın  gələcək inkişafı üçün görülən mühüm işlərlə, atılan uğurlu addımlarla zəngindir. Belə ki, Ulu Öndərin  uzaqgörən siyasəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, himni, gerbi ilk dəfə Naxçıvanda bərpa olundu, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın  birliyinə hesablanmış 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis edildi.

Vətənini, torpağını, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları qürurlandırır, onları vahid amal ətrafında birləşdirir, hamımızın bir Vətəni olmasına çağırış edir.

Son 17 il Böyük Yolun davamı olaraq  torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi  də xarakterizə edilir

Möhtərəm Prezidentimiz  İlham Əliyevin  qətiyyətlə qeyd etdiyi kimi,  bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilir.

Son 18 ilə yaxın dövrdə Heydər Əliyev siyasətinə sadiqliyini hər addımında təsdiqləyən Prezident İlham Əliyev yeni idarəçilik sistemi yaratmaqla, təkmil islahatlar həyata keçirməklə, dünyanın hər bir yeniliyinin Azərbaycanda tətbiqinə səy göstərməklə ölkəmizi daha da qüdrətləndirdi, sözünün imzası qədər dəyəri olduğunu nümayiş etdirdi. Dövlətimizin başçısı  yeni-yeni hədəflər irəli sürməklə təsdiqlədiyi Dövlət proqramları, inkişaf strategiyaları əsasında onların gerçəkləşməsinə nail oldu, hər kəsi, dünyanı heyrətləndirən Azərbaycanın hazırkı reallıqlarını yaratdı. Azərbaycan dünyanın ən islahatçı ölkəsi, xalqımız ən xoşbəxt xalqları sırasında qərarlaşdı, ölkəmizin iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüz oldu. Möhkəm təməl üzərində inamla addımlayan Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsi idi. Məsələnin həllində güc və beynəlxalq hüququn əsas amillər olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, Azərbaycan bu illər ərzində gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına nail oldu.

Hər bir ölkənin inkişafında iqtisadi gücün əsas olduğu Prezident İlham Əliyevin atdığı addımlarda da öz aydın ifadəsini tapır. Son 18 ilə yaxın dövr ərzində Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində  qarşıya çıxan bütün çətinliklərin aradan qaldırılmasına nail oldu. 2003-cü ildə “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində regionların potensial imkanlarından səmərəli istifadə edilir,  güclü sahibkarlar sinfi formalaşır.  Hazırda bütün dünyanı cənginə almış  COVID-19 pandemiyasına qalib gəlmək üçün atılan addımlar, irəli sürülən təşəbbüslər də Azərbaycanın imkanlarının, iqtisadi gücünün təqdimatında əhəmiyyəli rol oynayır. Azərbaycan COVID-19 pandemiyasının davam etdiyi müddətdə 30-dan artıq ölkəyə humanitar yardım göstərib. 

Ölkəmizin enerji sektorunda qazandığı uğurlar yenə də davamlılığı ilə diqqət çəkir.“Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik” deyən Prezident İlham Əliyev iqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olduğunu xüsusi qeyd edir. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır, Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, BMT-dən sonra ikinci böyük siyasi təsisat olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrliyi  bu inamın təsdiqi, bütün sahələrdə qazandığımız  uğurların göstəricisidir.

Milli Qurtuluş Günümüz olan 1993-cü ilin 15 iyunundan indiyədək əsrə bərabər inkişaf yolu keçən, uğurlarının miqyası ilə dünyanın diqqətində olan Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan seçilirsə, inkişafın Azərbaycan modelinin mövcudluğu yüksək səviyyələrdə bildirilirsə, deməli, ulu öndər Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi və məhəbbəti sayəsində ölkəmizin gələcək inkişafı üçün elə etibarlı dayaq yaradılıb ki, bu bünövrənin üzərində respublikamız davamlı inkişaf edir, sabaha doğru inamla irəliləyir. Son 18 ilə yaxın dövrün reallıqları bunun təsdiqidir. Azərbaycan demokratik inkişafı ilə diqqətdədir. İnsan hüquqlarının qorunması, azad mətbuatın inkişafı, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılıb və uğurlu nəticələr göz önündədir. Eyni zamanda, müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğu prioritetliyini qorudu, torpaqlarımızı işğaldan azad etmək gücünə, qüdrətinə malik, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Milli Ordumuz formalaşdı. Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlığı, şücaəti ilə dünyanın ən yenilməz, məğrur ordusu olduğunu təsdiqlədi. Bu gün qürurvericidir ki, Azərbaycanın “Dəmir yumruq” əməliyyatı,  müharibə təcrübəsi dünya dövlətlərində öyrənilir, onların dərsliklərə, kitablara salınacağı inkaredilməzdir.

Ulu öndər Heydər Əliyevin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində əksini tapan  çağırışlar, inam və etimad real həyatda öz  təsdiqini tapıb.  Hər zaman bu fikri böyük qürurla, fəxrlə qeyd edirik ki, dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısında ən böüyk və mühüm xidmətlərindən biri məhz  sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli Lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, məqsədyönlü  daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, həm milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.  Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması  zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən qalib ölkənin qalib Lideri İlham Əliyevə milyonların sevgisi şəksizdir. Bütün çıxışlarında, öz döğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızla görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həllini tapacağını, məcburi köçkünlər üçün yaradılan şəraitin müvəqqəti olduğunu, onların tezliklə öz torpaqlarına qayıdacaqlarını böyük əminliklə söyləyən Müzəffər Ali Baş Komandan o günün gələcəyinə inanırdı. Çünki hədəf ərazi bütövlüyümüzün bərpası, işğala son qoymaq, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləmək idi. Möhtərəm Prezidentimiz 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında Ermənistanın yürütdüyü faşist ideologiyasını, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edərək  işğalçı ölkənin baş naziri Nikol Paşinyana  beynəlxalq hüquqdan və tarixdən sözün əsl mənasında dərs keçdi, “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan etdi. Həmin bəyanatdan bir il sonra- 10 noyabr 2020-ci il tarixində Ermənistan kapitulyasiya aktına imza atdı, Azərbaycan hərbi-siyasi Qələbəsi ilə dünyaya səs saldı. 

Tarixi Zəfər  Azərbaycanın inkişafı,  bölgənin firavan gələcəyi üçün yeni perspektivlər açır

Dövlətimizin başçısı İlham Əliyev artıq Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, regionun inkişafında yeni səhifənin açıldığını, ölkəmizin gələcəyi ilə bağlı aydın baxışların  olduğunu bildirir. Vətən müharibəsinin yaratdığı yeni reallıqlar ilk növbədə  regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsi üçün yeni əməkdaşlıq formatlarının yaradılmasını bir zərurətə çevirir. Artıq işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. İşğaldan azad edilmiş ərazilərimizdə təkmil idarəçilik sistemi formalaşdırılır ki, bu da öz növbəsində hədəflərə qısa zamanda nail olmağa əsas yaradır. Bu gün yeganə problem Ermənistanın  minalanmış sahələrin xəritəsini Azərbaycana vermək istəməməsi, Böyük Qayıdışın gerçəkləşməsinə mane olmaq istəyi idi. Bu maneə də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində aradan qaldırılır.   Belə ki, iyunun 12-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev növbəti qələbəyə imza atdı. Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsi möhtərəm Prezidentimizin  və Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Cənab İlham Əliyev   bütün beynəlxalq platformalarda Azərbaycan torpaqlarının minalanması məsələsini qaldırıb, beynəlxalq birliyi bu xəritələrin Ermənistandan alınmasına çağırışlar edib, işğalçı dövlətin onları saxlamasına heç bir hüquqi əsasın olmadığını bəyan edib.  ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının və Gürcüstan Respublikasının bu məsələdə fəal iştirakı və Ermənistanın minalanmış ərazilərin xəritələrini vermək məcburiyyətində qalması bütün münaqişəli məsələlərin həllində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın  növbəti böyük nailiyyətidir.

Milli Qurtuluş Günündən başlanan yolun uğurlarını, onların zirvəsində dayanan Zəfərimizin müəyyənləşdirdiyi perspektivləri bir yazıda əhatə etmək qeyri-mümkündür. Azərbaycan möhtərəm Prezidentimiz, qalib ölkənin qalib Sərkərdəsi İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri sayəsində ən yüksək zirvələri fəth edir. Heydər Əliyev irsinin təbliğində Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, tarximizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın təbliğinə davamlı töhfələri ilə  diqqət çəkir. Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva sosial problemlərinin həlli istiqamətində biri-birindən əhəmiyyətli layihələr həyata keçirir. Onun 44 günlük İkinci Qarabağ müharibəsi dövründə gənclərdə vətərpərvərlik, torpaq sevgisinin aşılanmasına, kompyuter arxasında Azərbaycanın həqiqətlərinin təbliğinə davamlı töhfələr vermələrinə etdiyi çağırışlar ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi yaratdı. Bu işlərin davamı olaraq tarixi Zəfərimizdən sonra dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birgə işğaldan azad edilmiş torpaqalrımıza davamlı səfərləri bu birliyin qarşıda daha böyük uğurlar üçün stimsul olduğunu təsdiqləyir.

Qarşıda daha möhtəşəm günlər yaşanacaq. İşğaldan azad edilmiş ərazilərimizə hər səfərlərində sanki havanın da torpaqlarımızın tarixi sahibinə qayıtması sevincini yaşadığını xüsusi qeyd edən Prezident İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə  “Xarıbülbül” musiqi festivalının  Cıdır düzündə 28 ildən sonra yenidən bərpası, bu möhtəşəm mədəniyyət tədbirində müxtəlif xalqların musiqi yaradıcılığının harmoniyasının yaradılması Azərbaycanın tolerant, multikultural dəyərlərə bağlılığının təsdiqi, gələcək perspektivlərin təqdimatı oldu. Bu gün qalib Azərbaycan məğlub  Ermənistana sülh razılaşmasını təklif etməklə regionun inkişafında yeni səhifənin açılması istəyini nümayiş etdirir. Azərbaycan bu humanist, tərəqqipərvər addımı ilə Ermənistana keçmişlə deyil, gələcəklə yaşamağa çağırış edir.

Yenilməz, məğrur Azərbaycan xalqı, Zəfərlə dolu Milli Qurtuluş Günün mübarək!