YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Babək Hüseynov: 2872 şəhidimizin ailə üzvlərinə 14 mindən artıq sosial ödənişlər təyin olunub

“Artıq 2900 şəhidimizdən 2872 şəhidimizin ailə üzvlərinə 14 mindən artıq sosial ödənişlər təyin olunub”.

Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni TV”nin canlı yayımında bildirib.

O bildirib ki, cari ilin yanvarında yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi üçün müvafiq komissiya yaradılıb: “Həmin komissiyaya Müdafiə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri daxildir ki, geridönməz xəsarətlər almış qazilərimizin evlərindəcə əlillik vəziyyəti qiymətləndirilir və hər hansı bir orqana müraciət etmədən əlillik dərəcələri müəyyən olunur. Artıq bu kateqoriyadan olan 600-dək qazimizə əlillik dərəcəsi müəyyən edilib”.

B.Hüseynov qeyd edib ki, cari il ərzində daha 3 reabilitasiya mərkəzi açılacaq: “Cari ildə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri də daxil olmaqla 470 mənzil şəhid ailələrinə və qazilərimizə təhvil verilib. İlin sonunadək bu kateqoriyadan olan vətəndaşlarımıza 3000 mənzilin verilməsi planlaşdırılır. Ümumilikdə 1997-ci ildən etibarən 9700 mənzil şəhid və qazi ailələrinə təhvil verilib. Avtomobillə təminata gəlincə, indiyə qədər əlilliyi olan vətəndaşlarımıza 7200 nəqliyyat vasitəsi verilib. Cari il ərzində avtomobil təminatı proqramı davam etdiriləcək”.

“Əsas məsələlərdən biri müharibədən geri qayıtmış həm müharibə iştirakçılarının, həm də işləmək ixtiyarında olan qazilərimizin və şəhid ailə üzvlərinin məşğulluğu ilə bağlıdır. Bu çərçivədə Dövlət Məşğulluq Agentliyi tərəfindən bu kateqoriyadan olan 9 mindən artıq vətəndaşla görüşülüb və təxminən 6500 nəfər münasib işlə təmin olunub. Onlardan 5000 nəfər özünəməşğulluğa cəlb edilib. 400 nəfərə yaxını işlə təmin olunub. Bu tədbirlər davamlı olaraq aparılır”, - deyə B.Hüseynov vurğulayıb.