YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Cəmiyyətimiz haqlı olaraq Fransanın həmsədrlikdən uzaqlaşdırılmasını tələb edir

“Nikol Paşinyanın Fransaya səfəri zamanı Fransa Prezidenti Makronun “Azərbaycan Ermənistanın suveren ərazisindən çıxmalıdır” fikrini səsləndirməsi təəssüf doğurur. Sərhəd məsələsi ilə bağlı Azərbaycan öz rəsmi mövqeyini dəfələrlə bəyan edib. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan özünün dövlət sərhədini bərpa edir. 30 ilə yaxın Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlanılıb və bu dövrdə erməni tərəfi bizim ərazilərimizdə talançılıq, dağıdıcılıq, vandalizm törədib”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, 44 günlük Vətən müharibəsində şanlı qələbədən sonra dövlət sərhədimiz bərpa edilir. Azərbaycan hərbçiləri öz doğma torpaqlarında xidmət göstərirlər. Dediyim kimi, biz öz sərhədlərimizi bərpa edirik. Ermənistan hakimiyyətinin sərhəd məsələsində beynəlxalq ictimaiyyətə yanlış məlumat verməsinin məqsədi bölgədə gərginlik yaratmaqdır. Halbuki, 10 noyabr üçtərəfli bəyanatının bütün müddəaları yerinə yetirilməlidir. Ermənistan isə bu addımları razılaşmanın pozulmasına xidmət edir.

Fransa prezidentinin “Azərbaycan Ermənistanın suveren ərazisindən çıxmalıdır” fikri isə açıq-aşkar tərəf tutmaqdır. Əlbəttə ki, Azərbaycan onun bu mövqeyini qəbul etmir. Bir sıra ekspertlər Makronun bu cür mövqeyini qarşıdan gələn prezident seçkiləri ilə əlaqələndirirlər. Makron Ermənistana bu “sevgisi” ilə qarşıdan gələn prezident seçkilərində Fransanın erməni mənşəli vətəndaşlarının səsini qazanmağa çalışır. Azərbaycan rəsmi səviyyədə bəyan edib ki, sərhəd məsələsində hər zaman müzakirələrə və danışıqlara hazırdır.

Millət vəkilinin sözlərinə görə, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də, heç zaman Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar çağırış etməyib. Baxmayaraq ki, bu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi. Və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Biz münaqişənin davam etdiyi müddətdə həmsədrlərdən, o cümlədən Fransada  yalnız ümumi bəyanatlar verilməsinin şahidi olmuşuq. Fransa dövlətinin rəsmiləri münaqişənin həllində hər iki tərəfi bərabərləşdirib. Amma burada işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmalı idi. Azərbaycan dövlətinin və cəmiyyətinin mövqeyi ondan ibarət idi ki, həmsədr dövlətlər Ermənistana işğalçı siyasətinə son qoyması üçün təzyiqlər göstərməli, sanksiyalar tətbiq etməlidirlər. Amma biz bunu görmədik. Əksinə, onlar, xüsusilə Fransa Ermənistanın maraqlarına cavab verən fəaliyyət göstərməklə məşğul olurdular. Ona görə də, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz  işğalçıları doğma torpaqlarımızdan qovdu və beləliklə də, münaqişə həll olundu.

“Əslində, 44 günlük müharibənin gedişində kimin kim olduğu aydınlaşdı. 28 illik danışıqlar prosesində ümumi bəyanatlar səsləndirən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini bir dəfə də səsləndirməyən Fransa Vətən müharibəsinin gedişi zamanı aşıq-aşkar erməniləri müdafiə etdi. Hətta müharibə başa çatdıqdan sonra Fransa parlamenti ermənilərin maraqlarına uyğun olan sənədlər qəbul etdi. Halbuki, həmin sənədlər beynəlxalq hüquqa tamamilə zidd idi.

Onların nə deməsindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bir məsələ var ki, belə bəyanatlar Azərbaycan xalqında və cəmiyyətində həmsədr ölkə kimi Fransaya etimadı, onun obyektivliyinə, tərəfsizliyinə münasibəti sıfıra endirir. Cəmiyyətimiz haqlı olaraq Fransanın həmsədrlikdən uzaqlaşdırılmasını tələb edir. Əslində isə, nəzərə almaq lazımdır ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi üçün həmsədrlərin fəaliyyətinə elə də ciddi ehtiyac yoxdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı fikirlərini ifadə edib. Münaqişə həll olunduğu üçün Minsk qrupu regionda gələcək əməkdaşlıq məsələlərinin qurulması istiqamətində təşəbbüslərlə çıxış etməlidir”,-deyə S.Fətəliyeva vurğulayıb.