YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Quliyev: Paşinyanın Fransa səfərini açıq siyasi alver adlandırmaq olar

“Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan seçki ərəfəsində ölkənin formal da olsa dominat siyasi qüvvəsi olaraq tərəfdarlarını artırmaq, seçkinin nəticələrinə təsir göstərmək məqsədilə əlində olan imkanlardan istifadə etməyə çalışır. Bunlardan biri də dünyanın müxtəlif siyasi güc mərkəzlərinə baş vurmaqdır”. 

Bu fikirləri politoloq Aydın Quliyev “Yeni TV”nin canlı yayımında Paşinyanın Avropaya, o cümlədən Fransaya səfərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, onun məqsədi öz rəqiblərinə əlaqələrinin timsalında siyasi gücünü göstərməkdir: “Demək istəyir ki, təmsil etdiyim elektoratın beynəlxalq miqyasda gücü, təsir imkanları bu qədərdir. İkinci, biz bilirik ki, Paşinyan hakimiyyətə məhz Qərbin müəyyən dairələrinin dəstəyilə gəlmişdi. Belə şəraitdə Paşinyan seçki ərəfəsində öz qələbəsinə əmin olsa da, həmin dairələrə bir daha mesaj verməyi özü üçün borc bilir. İndiki məqamda xarici siyasətdə əsas yönünü Rusiyaya tərəf yönləndirsə də, onun siyasi genetikasının mərkəzində dayanan qüvvə olaraq Avropa və Qərbi unutmur”.

Aydın Quliyev bildirib ki, əgər Paşinyan seçkidə qalib gəlsə, Qərbin çox böyük dəstəyinə ehtiyacı olacaq: “O, Qarabağ ətrafında gedən proseslərdən istifadə edərək özünün müəyyən ideyalarını, planlarını həyata keçirmək üçün Qərbin dəstəyinə ehtiyac hiss edir. Həm də onu nəzərə alır ki, onun hakimiyyətə gəlməyində rol oynayan Qərbin müəyyən dairələri 44 günlük müharibədən sonra regionda sülh yaratma proseslərindən, demək olar ki, kənarda qalıb. O cümlədən, Fransa Paşinyanı belə şəraitdə kənarda qalan qüvvələrin sülh müstəvisində regiona qaytarılmasında maraqlıdır. Onların da yenidən qayıdışı üçün şərait yaratmaq istəyir. Paşinyanın Fransa səfərini açıq siyasi alver adlandırmaq olar. Həm özünün seçkiyə hesablanmış məqsədləri var, həm də Azərbaycanla münasibətlərdə, Qarabağ münaqişəsinin həllindən sonrakı müstəvidə yaranmış reallıqlara təsir göstərmək baxımından alver cəhdləri var. Qərb dairələrinin marağını nəzərə alan  Paşinyan onları bizim regiondakı proseslərə məhz özünün dəstəyilə qaytarmaqda maraqlıdır ki, öz hədəfində olan məsələləri həyata keçirməkdə onlardan dəstək ala bilsin. Söhbət sərhədlərin dəqiqləşdirilməsi prosesindən, “hərbi əsirlər”in qaytarılması məsələsindən gedir. Baxmayaraq ki, bunlar sırf Azərbaycanla Ermənistan arasında dialoqun mövzularıdır. Proseslərə kənar qüvvələrin cəlb edilməsi Azərbaycanın marağında deyil”.