YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Çin arasında siyasi-iqtisadi əlaqələr inkişaf edir

Aydın Hüseynov

Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri 

Azərbaycan və Çin arasında dostluq əlaqələri qədim tarixi köklərə malikdir. 2000 il əvvəl təməli qoyulmuş qədim İpək yolu xalqlarımız arasında dostluq münasibətlərinin çoxəsrlik inkişafını təmin edib. Çin-Azərbaycan münasibətləri sonrakı dövrlərdə bütün ictimai-siyasi dönəmlərdə uğurla inkişaf edib və bu əlaqələr Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Ulu öndərimiz Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri yüksək səviyyəli əlaqələrin əsasını qoyub. Sonrakı illərdə dövlət başçılarının qarşılıqlı səfərləri siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə dayanıqlı münasibətləri daha da möhkəmləndirib.
Cənab Prezident İlham Əliyev Çinə səfərləri, eləcə də, müxtəlif  beynəlxalq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə görüşləri əlaqələri daha da inkişafına səbəb olub, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəngin töhfələr verib. Ümumilikdə, Prezident İlham Əliyevin 18 illik  prezidentliyi dövründə 5 dəfə (rəsmi və qeyri-rəsmi səviyyədə) bu ölkəyə səfər etməsi strateji münasibətlərdəki dinamikanı təsdiqləyir. BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləmiş, Qarabağ Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan etmişdir.
Çin Azərbaycanla əlaqələrə xüsusi maraq göstərən ən fəal dövlətlərdən biridir və onun ölkəmizə və Xəzər hövzəsinə marağı təbii qarşılanır. Çünki son illər ərzində sürətlə inkişaf edən Çin üçün xammal və ilk növbədə, enerji mənbələri xüsusi əhəmiyyət daşıyır. Zəngin karbohidrogen ehtiyatlarına malik olan, eyni zamanda, strateji nəqliyyat-tranzit qovşağına çevrilən Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi rəsmi Pekinin xüsusi maraq dairəsindədir.
Azərbaycan və Çin arasında iqtisadi əlaqələr son 25 il ərzində iki ölkə arasında əməkdaşlıq durmadan inkişaf edib və ən yüksək səviyyəyə çatıb. Xarici ticarət dövriyyəsi ilbəil artıb. Son 5 ildə idxal-ixrac dinamikası xeyli artıb. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə 1 milyard 300 milyon dollar, 2018-ci ildə 1 milyard 310 milyon dollar, 2019 və 2020-ci illərdə 2,2 milyard dolar olub. Müqayisə üçün qeyd edək ki, əgər 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyon dolları təşkil edirdisə, indi bu göstərici 1500 dəfə artıb. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payı 45% təşkil edir. Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşından biridir.
Azərbaycanın Çinə ixracı hər il əhəmiyyətli dərəcədə artır. Hazırda respublikamız Çinə 780 milyon dollardan artıq mal ixrac edir.
Yaradılmış əlverişli investisiya mühiti Çin şirkətlərinin ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində birgə işbirliyinin artmasına yol açıb, çinli investorların sayının artmasına mühüm təsir göstəribdir. Hazırda Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir ki, bu da cəlbedici investisiya iqliminin nümunəsi hesab oluna bilər. Bu amil sözsüz ki, qarşılıqlı sərmayə qoyuluşlarının dinamikasına da öz təsirini göstərib. Çin şirkətləri Azərbaycana 900 milyon dollardan çox investisiya yatırıblar. Azərbaycanın isə Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1,7 milyard dollar təşkil edir. Yeri gəlmişkən, TANAP qaz layihəsinin maliyyələşdirilməsinə Çinin rəhbəri olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı 600 milyon dollar kredit ayırıb.
İqtisadi əlaqələrin dinamikasına təsir göstərən mühüm amillərdən biri hər iki ölkədə ticarət nümayəndəliklərinin yaradılması, investisiyaların təşviqi ilə bağlı səmərəli iqtisadi alətlərin tətbiqidir. Hazırda Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, eləcə də Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb. Bu fəaliyyətlər sayəsində iki ölkə arasında həm siyasi təmaslar daha da möhkəmlənir, həm də iqtisadi əməkdaşlığın coğrafiyası və strukturu genişlənir.
İki ölkə arasında nəqliyyat-logistika, infrastruktur sahələrində də sıx faydalı əməkdaşlıqlar mövcuddur. Xüsusilə də, Asiya və Avropanı birləşdirən qlobal dəhlizin - “Bir kəmər – bir yol” nəqliyyat marşrutunun gerçəkləşməsini ilk dəstəkləyən və  siyasi dəstək verən ölkələrdən biri Azərbaycan olub. Cənab Prezidentin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb və sonrakı dövrlərdə Azərbaycan bu dəhlizin strateji önəminə xüsusi diqqət ayırıb.
Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “İpək Yolu İqtisadi Kəməri”nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur.
Qeyd edək ki, 2015-ci ildən etibarən Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib və 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşınmaları həyata keçirilir.
Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək və güclənəcəkdir. Prezident İlham Əliyevin iyunun 2-də Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti zamanı müzakirə edilən mühüm məsələlər faydalı əməkdaşlığını daha da dərinləşməsi və postpandemiya dövründə yeni iqtisadi-nəqliyyat layihələrinin gücləndirilməsini nəzərdə tutur. Çin-Azərbaycan münasibətləri həqiqi səmimi dostluq və yaxın tərəfdaşlığa əsaslanır. COVID-19 pandemiyası dövründə hər iki ölkə güclü iradə nümayiş etdirərək, bu qlobal bəlaya qarşı mübarizədə həmrəylik nümayiş etdirdi, bir-birini dəstəklədi, Çin əldə etdiyi peyvəndi ilk ölkələrdən biri kimi Azərbaycana təqdim etdi.
Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq mövcuddur. Hazırda hər iki ölkə “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin daha da genişləndirilməsi təşəbbüsünü artırırlar.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Çin münasibətlərinin artan dinamik siyasi təmaslarında partiyalararası sıx münasibətlərin də mühüm yeri vardır. Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında fəal əlaqələr inkişaf edərək iki ölkə arasında siyasi təmasların və dialoqun güclənməsində, qarşılıqlı etimadı möhkəmlətməsində əhəmiyyət kəsb edir. Göründüyü kimi, tərəflərin münasibətləri daha da inkişaf etdirmək istəkləri Azərbaycan – Çin münasibətlərinin perspektivini parlaq edir və ölkələr arasında əlaqələrin günün tələbləri səviyyəsində inkişafına güclü təkan verir.

 

DİGƏR Xəbərlər Arxiv