YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri barədə məlumatlandırılıb

Mayın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

Nazir Ceyhun Bayramov görüş iştirakçılarına Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Azərbaycana qarşı törədilən hərbi təxribatlar və buna cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatı, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, habelə münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət barədə məlumat verib.

Nazir üçtərəfli bəyanatlar və onların icrasına dair məsələlərdən, işğal amilinin aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, həmçinin bölgədə əməkdaşlıq və dayanıqlı inkişafın təmin edilməsi imkanının yaranması, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesindən danışıb.

Nazir Ceyhun Bayramov, eyni zamanda, üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlərdən bəhs edib. Bu xüsusda, Ermənistanın hərbçilərini gizli şəkildə Azərbaycan ərazisinə keçirmək cəhdləri, mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist və ölkəmizə qarşı nifrəti əks etdirən açıqlamaları, həmçinin digər məsələlər vurğulanıb.

Sonda nazir iştirakçıların çoxsaylı suallarını cavablandırıb.