YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Məmmədli: Pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirməkdədir

“Koronavirus pandemiyası bəşəriyyət üçün təhlükə mənbəyi olmaqda davam etməkdədir və gündə minlərlə insan bu gözəgörünməz bəlanın qurbanı olur. Gözəgörünməz bəlaya qarşı effektiv mübarizə yalnız dünya ölkələrinin birgə səyi nəticəsində mümkün ola bilər”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. COVID-19 pandemiyası başladığı ilk vaxtlardan Azərbaycan rəhbərliyi pandemiyaya qarşı mübarizədə dövlətin bütün potensialını səfərbər edib. Azərbaycan hökuməti tərəfindən ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atılıb və bu işlər bu gün də davam etməkdədir. Hökumət koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması, insanların sosial müdafiənin təmin edilməsi məqsədilə geniş sosial-iqtisadi paketini təqdim edərək reallaşdırıb. Məhz bu siyasət nəticəsində həm ölkə iqtisadiyyatına mənfi təsirlər minimuma endirilib, həm də insanların sosial müdafiəsi təmin olunub.

Ölkədə həyata keçirilən vaksinasiya prosesinə toxunan millət vəkili bildirib ki, Azərbaycan Cənubi Qafqazda vaksin alan ilk ölkədir: “Ölkə başçısının yürütdüyü sosial siyasətin ana xəttini insanların sağlamlığı təşkil etdiyindən Azərbaycan vaksinasiya prosesində öncül ölkələrdən biridir. Dövlət hesabına vaksinlər alınaraq ölkəyə gətirilib. Bununla belə Azərbaycan vaksinasiyanın qlobal səviyyədə həyata keçirilməsində də öz fəaliyyətini səfərbər edib. Belə ki, Azərbaycan Prezidenti vaksinlərin “vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsünə öz qəti etirazını bildirib. Cənab Prezident İlham Əliyevin 2021-ci il 26 aprel tarixində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı zamanı bu məsləyə toxunaraq bildirib ki, dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Bu da çox ədalətsiz yanaşmadır. Cənab Prezident hesab edir ki, bu metodla gözəgörünməz bəlaya qarşı effektiv mübarizə aparmaq olmaz. Məsələn, Hindistan, Braziliya və digər ölkələrdə vaksinasiya prosesi sürətlə həyata keçirilmədiyindən çox ciddi problem yaşanmaqdadır. Odur ki, pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirməkdədir. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir. Azərbaycan koronavirusla mübarizə çərçivəsində 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib”.