YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycan cəmiyyətinin Türkiyə ilə həmrəyliyi “bir millət, iki dövlət” prinsipinin təcəssümüdür

“ABŞ Prezidenti C. Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin təzahürüdür. 106 il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və araşdırma bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Rəsmi Ankara məhz bu mövqedən çıxış edərək öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.  Tarixi hadisələrin qiymətləndirilməsində mütləq obyektiv mövqedən çıxış edilməlidir. 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.

Millət vəkilinin fikrincə, sifarişli siyasi məqsədlərə xidmət edən bəyanatlar beynəlxalq münasibətlər sisteminin dayanıqlı inkişafı üçün təhdid yarada bilər. Bu baxımdan, bəzi   ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdləri qəbuledilməzdir. ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatı tarixi həqiqətlərin təhrifidir. Eyni zamanda, son illər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.

“Məsələ ilə bağlı Azərbaycanın mövqeyi konkret və birmənalıdır. Türkiyə Prezidenti ilə telefon danışığı zamanı bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev Co Baydenin fikirlərini  tarixi səhv adlandırıb. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Bütövlükdə, Azərbaycan-Türkiyə qardaşlığı bütün sınaqlardan inamla və üzüağ çıxıb. Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Bu amil bizim gücümüzü daha da artırır.  Qardaş Türkiyəyə dəstək naminə Azərbaycanda növbəti dəfə siyasi həmrəylik nümunəsi yaşandı. Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya 24 aprel tarixində məsələ ilə bağlı birgə bəyanat imzalayaraq, hər zaman qardaş Türkiyənin yanında olduqlarını və xəstə erməniçilik idealları bəsləyən ABŞ prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini bəyan ediblər. Siyasi partiyaların sözügedən bəyanatı Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq müstəvisində qurulduğunun növbəti sübutu və “bir millət, iki dövlət” prinsipinin təcəssümüdür”,-deyə Sevinc Hüseynova vurğulayıb.