YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: ABŞ Prezidentinin “soyqırımı” ifadəsini işlətməsi tarixin təhrif olunması və beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməlidir

“ABŞ Prezidentinin  “soyqırımı” ifadəsini işlətməsi tarixin təhrif olunması, həqiqətlərin danılması, beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməli və şiddətlə qınanılmalıdır”. Bu fikri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, əslində, 1915-ci ildə ermənilər türklərə və Anadoluda yaşayan digər müsəlmanlara qarşı soyqırımı törədiblər: “1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törədiblər. Nəhayət, 1992-ci ildə  bütün dünyanın gözü önündə Xocalı soyqırımını həyata keçiriblər. Əgər Co Bayden “soyqırımı” ifadəsi işlətmək istəyirsə, ilk növbədə “ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı” ifadəsini işlətsin”.

 “Məsələnin kökünə gəldikdə isə, Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi beynəlxalq hüquq baxımından heç bir hüquqi məsuliyyət yaratmır. Avropa İnsan Hüquqları Məhkəməsinin bu iddianı hüquqi baxımdan rədd edən məhkəmə qərarı (Doğu Perinçek məsələsində) var. “Soyqırımı silahı” istifadəsi birdəfəlik olan silah idi, sadəcə ildə bir dəfə siyasi şantaj vasitəsi kimi Türkiyəyə qarşı tuşlanır və müəyyən güzəştlər əldə edilirdi. Bayden bu silahı atdı və bitdi. Yəni ABŞ-ın qardaş Türkiyəyə qarşı istifadə etdiyi təzyiq alətlərindən biri artıq yoxdur”,-deyən millət vəkili əlavə edib ki, 1915-ci il hadisələri beynəlxalq hüquqda tərif edilən soyqırımı kriteriyalarına əsla uyğun deyil.

Hikmət Babaoğlu vurğulayıb ki, C.Bayden “soyqırımı silahı”nı ermənilərin də əlindən aldı. Millət vəkilinin sözlərinə görə, ən təhlükəli fikir isə Baydenin “Biz bunu (genosidi qəbul etməyi-red.) kimisə günahlandırmaq üçün deyil, baş verənlərin təkrar olunmaması üçün edirik” ifadəsidir: “Bu fikrin sətiraltı məzmunu Türkiyəni hədələmək, Vətən müharibəsində Azərbaycanın yanında olduğuna görə onu siyasi müstəvidə şantaj etmək, İrəvandakı Qərbpərəst qüvvələri dəstəkləmək və onları seçkidə qalib etmək, regionda altıtərəfli formatda mümkün əməkdaşlıq platformasının yaradılmasını əngəlləmək, Ermənistanda Rusiyanın nüfuzunu aşağı salmaq, 44 günlük savaşda ermənilərin tarixi məğlubiyyətinin səbəbkarı kimi Rusiyanı göstərmək və Cənubi Qafqaza yenidən müdaxilə planlarının olmasını bəyan etməkdir”.