YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya XİN: Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır

Rusiya Xarici İşlər Nazirliyi öz “Facebook” səhifəsində Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının 29-cu ildönümü ilə bağlı bəyanat dərc edib.

Rusiya XİN-in bəyanatında Rusiya-Azərbaycan əməkdaşlığının bütün istiqamətlərdə yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanır. Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır. Bunu ali və yüksək siyasi səviyyələrdə ikitərəfli əlaqələrin statistikası təsdiqləyir. Ötən dövr ərzində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif formatda 100-dən çox danışıqlar aparıblar. Hökumət xətti ilə, parlamentlər, müvafiq nazirlik və qurumlar üzrə fəal iş aparılır ki, bu da Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə obyektiv surətdə kömək edir.

RF xarici siyasət idarəsi ölkə Prezidenti V.Putinin bu sözlərini sitat gətirir: “Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bu, hər şeydən əvvəl, münasibətlərimizin iqtisadi tərkib hissəsinə aiddir. Maraqlarımızin bir-birinə uyğun gəldiyi sahələr çox, birgə fəaliyyət istiqamətlər daha çoxdur”.

Bəyanatda iki ölkənin 2020-ci ildə mehriban qonşuluq, qarşılıqlı yardım və hüquq bərabərliyi prinsipləri əsasında, o cümlədən COVID-19 virusuna qarşı mübarizədə əməkdaşlığı qeyd olunur.

Rusiya XİN qeyd edir: “Ölkələrimizin səhiyyə nazirləri, digər müvafiq strukturların rəhbərləri daimi əlaqədə olurlar. Azərbaycan tərəfinə koronavirus infeksiyasının diaqnostikası üçün 12 min təhlildən ötrü 120 dəst test sistemi təqdim olunub. 2020-ci ilin yayında Azərbaycan həkimlərinə kömək məqsədilə Rusiyanın aparıcı tibb mərkəzlərinin briqadaları göndərilib. Azərbaycan tərəfinin təklifi ilə vaksinin birgə istehsalının təşkilinə Rusiyanın “R-Farm” əczaçılıq şirkəti qoşulub. Rusiya Birbaşa İnvestisiyalar Fondunun xətti ilə Azərbaycana “Sputnik V” vaksinləri partiyasının tədarükü barədə məsələ müzakirə olunur”.

Məlumatın mətnində deyildiyi kimi, iki dövlətin xarici işlər nazirlərinin əlaqələri müntəzəm xarakter daşıyır. Cari ildə qurum rəhbərləri Sergey Lavrov və Ceyhun Bayramov arasında artıq üç telefon danışığı baş tutub. 2021-ci ilin başlanğıcına olan vəziyyətə görə, iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt imzalanıb. Bu baxımdan, əsas ikitərəfli sənədlər Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə və iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamədir.

Bəyanatda qeyd edilir: “Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü olmayan MDB ölkələri arasında Rusiyanın mühüm ticari tərəfdaşıdır. 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı bizim ticari-iqtisadi qarşılıqlı fəaliyyətin əsasını təşkil edir və özündə beş yol xəritəsini birləşdirir. Buraya ticarətdə əsas maneələrin aradan qaldırılması, nəqliyyat infrastrukturunun inkişafı, birgə elmtutumlu istehsalatların yaradılması, Azərbaycan iqtisadiyyatının effektivliyinin artırılması üçün Rusiya texnologiyalarından istifadə, qarşılıqlı turizm mübadiləsinin artırılması məsələləri daxildir. 2020-ci ilin noyabrında innovasiyalı inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında yeni, altıncı yol xəritəsi imzalanıb”.

Rusiya XİN, həmçinin mədəni-humanitar və təhsil sahələrində əməkdaşlıq barədə də xatırladır, bu sahələri ikitərəfli əlaqələrin inkişafında prioritet istiqamətlərdən biri hesab edir. RF XİN-in bəyanatında deyilir: “Azərbaycanın orta və ali məktəblərində rus dilində təhsil əlçatandır. 2010-cu ildən başlayaraq Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, 2015-ci ildən isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (İ.M.Seçenov adına Birinci MDTU) filialı fəaliyyət göstərir. Azərbaycanlı tərəfdaşlarla Rusiyanın başqa ali məktəbləri, xüsusən MDBMİ (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) ilə əməkdaşlığın qurulması üzrə iş aparılır”.