YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşad Mahmudov: Peyvənd olunan insanların sayının artması xəstəliklə mübarizədə təhlükəsizliyin təminatıdır

“Ölkəmizin koronavirus pandemiyası ilə  mübarizədə atdığı addımları dəyərləndirərkən, nə qədər böyük işlər görüldüyünün şahidi oluruq. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olduqdan sonra ölkəmiz bu xəstəliklə bağlı ciddi və əməli tədbirlər görməyə başladı. Halbuki bir çox ölkələr COVID-19-la mübarizədə passivlik göstərirdilər. Azərbaycan xəstəliklə mübarizəyə ilk qoşulan ölkələrdən biridir və ölkəmizdə dövlət səviyyəsində preventiv və qabaqcıl tədbirlər həyata keçirildi. Görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmiz istər iqtisadiyyatı, istərsə də əhalisi pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmış ölkələr sırasında yer aldı”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, koronavirusla mübarizədə infrastrukturun qurulmasının əhəmiyyəti böyükdür. Laboratoriyaların gücünün artırılması həm texniki, həm də insan resursları baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Modul tipli xəstəxanaların istifadəyə verilməsi, onların tibbi ləvazimatlarla təmin olunması, çarpayıların bu istiqamətdə istifadəsinin artırılması, dərman preparatlarının vaxtında ölkəyə gətirilməsi və digər tədbirlər ölkəmizin və cəmiyyətimizin bu xəstəlikdən az zərərlə çıxmasında mühüm rol oynadı.

Millət vəkilinin sözlərinə görə, cəmiyyətimizin dövlətimizə həmrəylik göstərməsi ölkəmizi tibbi, iqtisadi və sosial nöqteyi-nəzərdən müəyyən mənada qorumuş oldu. İnanırıq ki, bundan sonra da dövlət və cəmiyyət arasındakı həmrəylik meydana çıxan problemlərin həllində və yeni uğurların həll edilməsində öz müsbət rolunu oynayacaq. Əhalinin xeyli hissəsi artıq peyvənd olunub və insanlar bunun faydasını anlayırlar. Vaksinasiya işi davam edir və Azərbaycan qalan əhalinin də peyvənd olunması üçün bütün mümkün tədbirlərdən istifadə edir. Yaxın bir il ərzində əhalinin yetmiş faizinin peyvənd olunması qarşıda duran vacib məsələdir. Bu, bizim sağlam və təhlükəsiz həyatımızın təmin olunması deməkdir.

Deputat qeyd edib ki, vaksin olunan insanlar ay yarımdan sonra orqanizmdə yaranan immunitet və anticisimlər səbəbindən özünü gələcəkdə baş verəcək ağırlaşma halına qarşı hazırlayır: “Yəni, həm tibbi nöqteyi-nəzərdən, həm də psixoloji cəhətdən insan buna hazır olur. Digər tərəfdən, peyvənd olunan şəxslər gələcəkdə xarici ölkələrə səfər zamanı heç bir problemlə üzləşməyəcəklər. Peyvənd olunan insanların sayının artması təbii ki, xəstəliklə mübarizədə təhlükəsizliyin təminatıdır”.