YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer olmamalıdır

Aprelin 2-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak edib.

İclasda çıxış edən nazir tədbirin gündəliyinə uyğun mövzulara diqqəti yönəldərək, humanitar sahədə əməkdaşlığın davam etdirilməsinin bundan sonra da dövlətlərarası münasibətlərin möhkəmlənməsinə və Birliyin inkişafına töhfə verəcəyini bildirib.

“Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlət başçılarının 1941-1945–ci illər Böyük Vətən müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar Birliyə üzv dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciəti layihəsi haqqında” Qərarı xüsusi vurğulayan Ceyhun Bayramov Azərbaycanın faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfəsini diqqətə çatdırıb. Qərarının qəbul olunmasının nasizm ideologiyasına və onun müxtəlif təbliğat formalarına qarşı mübarizədə böyük əhəmiyyətə malik olduğu bildirilib, bu gün də MDB məkanında nasizmin təşviq olunduğu təəssüflə qeyd edilib və bu xüsusda, Ermənistanın paytaxtının mərkəzində faşist Qaregin Njdeyə abidə qoyulduğu misal kimi səsləndirilib. Nazir vurğulayıb ki, faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer olmamalıdır.

Sonra nazir Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Ermənistanın işğalı altında olan ərazilərinin azad edildiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın qəbul edilməsində Rusiya Federasiyasının səyləri, xüsusilə də Prezident Vladimir Putinin fəal vasitəçiliyi yüksək qiymətləndirilib.

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən xarici işlər naziri bölgədə təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi üçün yeni formatın yaradıldığını məmnunluqla vurğulayıb.

Tədbir iştirakçılarının diqqətini işğal zamanı bütün şəhər və qəsəbələrin dəhşətli dağıntılara, vandalizm əməllərinə məruz qalmasına, dini və mədəniyyət abidələrinin qəsdən talan edilməsinə, məscidlərin donuz tövləsinə çevrilməsinə yönəldən Ceyhun Bayramov hazırda bu ərazilərin yenidən qurulması və bərpası işlərinin həyata keçirildiyini qeyd edib.

Nazir, həmçinin üçtərəfli bəyanatlar çərçivəsində əldə olunan razılaşmaları yüksək qiymətləndirərək, kommunikasiyaların açılmasının bütün regionun xeyrinə olacağını və regional əməkdaşlıq üçün yeni perspektivlər açacağını diqqətə çatdırıb.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir və üçtərəfli Bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb. Nazir, eyni zamanda, Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və üçtərəfli Bəyanata zidd əməllərinə diqqəti cəlb edib, o cümlədən Ermənistan hərbçilərinin Azərbaycan Respublikası ərazisinə qanunsuz daxil olmaq cəhdlərini, habelə Ermənistanın minalanmış ərazilərlə bağlı məlumatların indiyədək Azərbaycana təqdim etmədiyini bildirib.

Sonda nazir Azərbaycanın beynəlxalq ictimaiyyətin, xüsusilə də MDB-yə üzv dövlətlərdən ən yaxın tərəfdaşlarımızın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası, bu ərazilərdə dinc yanaşı yaşamaq üçün müvafiq şəraitin yaradılması məsələlərində dəstəyinə ümid bəslədiyini qeyd edib.

Eyni zamanda, nazir Ceyhun Bayramov gündəlikdəki digər məsələlərə toxunub.