YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əfv sərəncamı ölkə rəhbərliyinin insan hüquqlarına və demokratik dəyərlərə verdiyi önəmin ifadəsidir

Əli Hüseynli

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında martın 18-də  imzaladığı sərəncam ölkə ictimaiyyəti tərəfindən  dövlət başçısının növbəti humanist addımı kimi alqışlanmışdır.

Cəmi 625 nəfəri əhatə edən bu aktla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 475 nəfər şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, 100-dək şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, şərti çəza almış, cəzasının çəkilməsi təxirə salınmış, azadlığı məhdudlaşdırılmış, islah işləri və cərimə cəzasına məhkum edilmiş bir sıra şəxslər azadlığa buraxılmışlar. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir neçə şəxsin cəzasının 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi isə ölkə rəhbərliyinin siyasi iradəsini əks etdirən və insan həyatının dəyərinə verdiyi yüksək qiymətin göstəricisidir.

Bundan öncə imzalanmış  analoji hüquqi aktlardan mahiyyət və mənaca bir qədər fərqli olan bu sərəncam Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi, düşmən üzərində böyük Qələbənin qazanıldığı və azad Qarabağın dirçəlişi ilə ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu əlamətdar bir dövrə təsadüf edir. Sərəncamın önəmi həm də onunla bağlıdır ki, dövlət başçısının tapşırığı əsasında sənədin hazırlanması prosesində Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirmiş döyüşçülərin valideynlərinin və yaxınlarının müraciətlərinə Əfv Məsələləri Komissiyasi tərəfindən xüsusi diqqət yetirilmişdir. Bu mənada cənab İlham Əliyevin yüzlərlə ailəyə Novruz  hədiyyəsi kimi dəyərləndirilən olan bu addımı  həm də şərəfli bayram günlərini bizə yaşadan ölməz şəhidlərimizin ruhuna ehtiram, qazilərimizin və Qarabağ müharibəsi iştirakçılarının vətənpərvər duyğularına hörmət kimi dəyərləndirilməlidir.

Digər tərəfdən, bu Sərəncam, sənədin preambula hissəsində qeyd olunduğu kimi, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanıb. Məşğuliyyətindən, milli və dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq sənədin təsir dairəsinə düşmüş şəxslər sırasında cəmiyyətin bütün təbəqələri təmsil edən insanların yer alması onu göstərir ki, Azərbaycan dövləti, hər zaman olduğu kimi, demokratik dəyərlərə böyük önəm verir və onun üçün hər bir vətəndaşın hüquq və azadlıqları prioritetdir.

Dövlət başçısının sərəncamı bu insanlara azad yaşamaq şansı verməklə onlara ailələrinə qovuşmaq, etdikləri səhvdən nəticə çıxarmaq və cəmiyyətin tamhüquqlu üzvləri kimi sivil fəaliyyət göstərmələri üçün yol açır.

DİGƏR Xəbərlər Arxiv