YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Martın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsinin Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdığını və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir qeyd edib ki, 44 gün davam edən müharibədə ordumuzun qazandığı döyüş təcrübəsi bir çox dünya ölkələrinin orduları və beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir.

Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini müntəzəm atəşə tutmasını, məqsədyönlü şəkildə dinc əhalini qətlə yetirməsini ciddi pisləyən general-polkovnik Zakir Həsənov beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və həmin hadisələri törədənlərə qarşı müvafiq tədbirlərin görməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın torpaqlarını işğaldan azad edərək 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsini həll etməsinin Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına töhfə verəcəyini diqqətə çatdıran nazir Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərdə postmüharibə dövründə keçirilən tədbirlər haqqında da qonağı məlumatlandırıb.

Toivo Klaar Ermənistan ilə Azərbaycan arasında baş verən bütün silahlı toqquşmaları, xüsusilə də keçən ilin payızında baş vermiş müharibəni diqqətlə izlədiyini qeyd edərək, Cənubi Qafqaz regionunda sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin bildirib ki, Avropa İttifaqı bu istiqamətdə atılan bütün addımları dəstəkləyir.

Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların və mülki şəxslərin ailələrinə başsağlığı verən qonaq Azərbaycan Ordusunun bu müharibədə əhəmiyyətli təcrübə qazandığını deyib.

Görüşdə, həmçinin bölgədə yaranmış yeni vəziyyət, postmüharibə şəraiti və bir sıra digər məsələlər müzakirə olunub.