YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: “Dəmir Yumruq”əməliyyatı ilə uşaq qatilləri öz layiqli cəzalarını aldılar

“Tarix boyu Azərbaycan xalqına düşmən mövqedə dayanan və zaman-zaman əlinə keçən fürsətlərdən yararlanan qüvvələr xalqımıza qarşı qətliamlar, qırğınlar törədiblər. Əfsuslar olsun ki, bu məsələdə ermənilər daha "fəal" olublar. 29 il öncə Xocalı soyqırımının törədilməsi ilə mənfur düşmən bəşəriyyət tarixinə ən dəhşətli və faciəli səhnələrdən birini əlavə etmiş oldu”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Anar Məmmədov bildirib ki, 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. 1992-ci ilin o müdhiş fevral gecəsində Ermənistan silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı törətdikləri dəhşətli soyqırımı aktı isə insanlığa qarşı vəhşiliyinə, qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşdü. Xocalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra aldı və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanıldı. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan etdi.

Millət vəkilinin sözlərinə görə, bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir: “Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb. Lakin bu bir həqiqətdir ki, cinayət heç vaxt cəzasız qalmır. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun erməni təcavüzkarları üzərində tarixi Zəfəri ilə ilahi və tarixi ədalət təcəlli etdi. Azərbaycanın “Dəmir Yumruq”əməliyyatı ilə darmadağın olan işğalçılar, terrorçular, uşaq qatilləri öz layiqli cəzalarını aldılar. Ancaq qisas bununla bitmir. İnşallah gün gələcək Xocalıda vəhşilik edənlərin hamısı haqlı cəzalarına yetişəcəklər”.