YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin mədəniyyət komitəsinin iclasında bir sıra qanun layihələri müzakirə olunub

Fevralın 6-da Milli Məclisin mədəniyyət komitəsinin 2015-ci ildə ilk iclası keçirilib.

Əvvəlcə komitə sədri Nizami Cəfərov 2014-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə danışıb. Bildirilib ki, 2014-cü ilin payız sessiyası dövründə komitənin 3 iclası keçirilib.
Payız sessiyası ərzində komitədə ayrı-ayrı vətəndaşlardan, habelə idarə, müəssisə və təşkilatlardan daxil olmuş 30 təklifə, ərizə və şikayətə baxılıb. Bu müraciətlərdən 21-i tədbir görülməsi üçün müvafiq qurumlara göndərilib, müraciətlərdən 9-u isə işə alınıb.
Məlumat verilib ki, 2015-ci ildə komitədə “Aşıq sənəti”, “Muğam sənəti”, “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları” “Kinematoqrafiya” haqqında və digər qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.
Sonra iclasın gündəliyində duran “Televiziya və radio yayımı haqqında” Qanunda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, “Televiziya və radio yayımı haqqında” Qanuna edilən dəyişikliklər Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin artırılmasını nəzərdə tutur.
İnzibati Xətalar Məcəlləsində ediləcək dəyişikliklərə əsasən isə televiziya və radio yayımı ilə bağlı müvafiq maddələrdə nəzərdə tutulmuş sanksiyalar artırılır. Belə ki, dəyişikliyə əsasən 187-1 və 187-2-ci maddələrdə fiziki şəxslər üçün “300 manatdan 500 manatadək” sözləri “1500 manatdan 2500 manatadək” sözləri ilə, hüquqi şəxslər üçün isə “1000 manatdan 2000 manatadək” sözləri “5000 manatdan 8000 manatadək” sözləri ilə əvəz edilir.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.