YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar İskəndərov: Son vaxtlar baş verən bəzi hadisələr Ermənistanın məğlubiyyətdən tam dərs çıxarmadığına işarə edir

“Ermənistanın ölkəmizə qarşı növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatdı. Müharibənin elə ilk günlərindən ordumuz qarşısında tab gətirə bilməyən düşmən tərəf sonda məğlub olduğunu etiraf edərək noyabrın 10-da üçtərəfli Bəyanata imza atdı. Bununla da otuz ilə yaxın müddətdə davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

V.İskəndərov bildirib ki, lakin son vaxtlar baş verən bəzi hadisələr Ermənistanın bu dağıdıcı məğlubiyyətdən tam dərs çıxarmadığına işarə edir. Əvvəl Fransadan olan bir qrup jurnalistin, sonra isə ABŞ-dan gələn bir qrup erməninin Ermənistandan Dağlıq Qarabağa keçmək cəhdi məhz düşmən ölkənin növbəti təxribatı kimi dəyərləndirilməlidir. Çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgəyə səfər etmək istəyən istənilən şəxs işğalçı Ermənistandan deyil, məhz Azərbaycandan icazə almalıdır. Bu baxımdan, rusiyalı sülhməramlılar da hər iki qrupu geri qaytararaq onlara “Azərbaycandan icazə alın!” deyiblər. Hesab edirəm ki, bu, hər kəsə, yəni bundan sonra da Azərbaycan ərazisinə Ermənistandan girməyə cəhd göstərən hər bir əcnəbiyə dərs olmalıdır.

Deputat qeyd edib ki, bu məsələdə əsas günahkar məhz Ermənistandır: “Çünki həmin fransalı jurnalistləri Ermənistanda rəsmi olaraq akkreditə ediblər. Hesab edirəm ki, istər fransalı jurnalistlərin, istərsə də ABŞ-dan olan bir qrup erməninin bu addımının arxasında Ermənistan tərəfinin növbəti təxribat cəhdi dayanır. Düşmən ölkə bu cür cəhdlərə son qoymalıdır. Əks təqdridə, onlar yenə də başları üzərində Azərbaycanın “dəmir yumruğu”nu görəcəklər”.