YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Həyata keçirilən siyasət nəticəsində ölkəmizdə uğurlu sosial-iqtisadi nailiyyətlər əldə edilib

“Son 17 il ərzində ölkəmizdə regionların inkişafına, yoxsulluğun azaldılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, habelə iqtisadiyyatın güclənməsinə və sosial həyatımızın yaxşılaşmasına dair bir çox iri həcmli və əhatəli dövlət proqramları qəbul edilib və uğurla icra olunub. Onlardan bəzilərinin icrası hazırda da davam etdirilir. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində ölkəmizdə uğurlu sosial-iqtisadi nailiyyətlər əldə edilib və Azərbaycanda qüdrətli dövlət və yüksək rifah cəmiyyəti qurulmasına etibarlı zəmin yaradılıb”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Eldar İbrahimov bildirib ki, hazırda qarşıda duran əsas vəzifə ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsini bundan sonra da möhkəmləndirmək, biznesə dost dövlət idarəetməsini genişləndirmək, xarici bazarlara yerli məhsulların çıxışını artırmaq və iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin etmək, işğaldan azad olunmuş ərazilərdə mövcud təbii sərvətlərdən səmərəli istifadə etməkdir. Bu məqsədlərin reallaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 2 fevral tarixli Sərəncam imzalayıb. Sərəncamda növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur. Bunlar: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Qeyd etmək lazımdır ki, Milli prioritetlər bir-biri ilə sıx əlaqədə olmaqla, bir-birini tamamlayırlar.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamda təsdiq olunan Milli Prioritetlərə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin: “Sərəncamda 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi ilə yanaşı, ölkəmizin aidiyyatı dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının da cəlb olunması təmin edilməlidir. Bu isə o deməkdir ki, qeyd olunan strategiyanın hazırlanmasında, beynəlxalq təşkilatlar və məsləhətçilərlə yanaşı, ölkəmizdə fəaliyyət göstərən istənilən təşkilat, mütəxəssislər və bütövlükdə vətəndaş cəmiyyəti iştirak etmək imkanı qazanır. Ona görə də hər birimiz bu strategiyanın hazırlanmasında fəal iştirak etməklə, onun daha ədalətli və gələcək çağırışlara cavab verəcək bir proqram olmasına öz töhfəmizi verməliyik. Çünki bu strategiya respublikamızda qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin formalaşmasına yönəlməklə, mövcud və gələcək nəsillərin mənafeyinə tam uyğundur”.