YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsindəki qələbəmiz Prezident İlham Əliyevin qəti, yenilməz və dəyişməz mövqeyini bir daha göstərdi

YAP Binəqədi rayon

təşkilatının sədri

Ramiz Göyüşov

         44 günlük Vətən müharibəsi zaman etibarı ilə bizdən uzaqlaşdıqca, o bütün ağrı-acıları ilə, həm də bütün möhtəşəmliyi ilə bizə daha da yaxınlaşır. Müharibədə hər qarış torpaq, hər səngər, hər yüksəklik uğrunda gedən amansız döyüşlərdə itirilən canlar, tökülən qanlar, hər addım Vətən torpağı uğrunda canlarını fəda edən şəhidlərimiz haqqında məlumatlarla tanış olduqca, şəhid olmağa hazır olan, lakin şəhid olmayıb qazi tituluna yüksələn qəhrəmanları tanıdıqca, onların döyüş xatirələrini, telefonların yaddaşına köçürülən, indi sosial şəbəkələrdə paylaşılan döyüş anlarına baxdıqca, 44 günlük müharibənin  bəlkə də 44 ilə bərabər olduğu bizlərə yavaş-yavaş aydın olur. Müharibə səhnələrini beyin yaddaşına, göz, qulaq yaddaşına köçürən qazilərimiz, döyüşçülərimiz itirdikləri döyüş yoldaşlarını, onların həyatının son məqamlarını, son sözlərini xatırladıqca, keçirdikləri psixoloji sarsıntılarının şahidi olduqca, bu sarsıntıların bizlərə döyüşlərin nə qədər dəhşətli, amansız olduğunu tədricən anlatmaqdadır. Lakin düşünürəm ki, biz o səhnələri görmədiyimiz, şahidi olmadığımız, o məlumatları yalnız söhbətlərdən, xatirələrdən, videogörüntülərdən aldığımız üçün  nə qədər dəhşətli olduğunu hələ tam dərk edə bilməmişik. Məncə, biz hələ şəhidlərimizə, onların valideynlərinə, övladlarına nə qədər borclu olduğumuzun miqyasını daha dərindən dərk etməli, indikindən daha yüksək dəyər verməliyik.                    Əgər sağlamlığını Vətən yolunda, ərazi bütövlüyümüz yolunda, torpaqlarımız, namusumuz, qeyrətimiz, qürurumuz yolunda qurban vermiş, əllərini, ayaqlarını, gözlərini, bədəninin bir üzvünü itirmiş qazini görəndə baş əymiriksə, əgər əsgər libasında, əsgər mundirində bir insan görəndə onun qarşısında farağat dayanmırıqsa hələ bu qələbənin nəyin hesabına başa gəldiyini dərk etməmişik.     

          Əgər biz 44 günlük müharibədə bütün məsuliyyəti və vəzifələri öz üzərinə götürərək gecə-gündüz, istər döyüş meydanında, istər danışıqlar masası arxasında, istərsə də informasiya cəbhəsində misilsiz qəhrəmanlıq göstərən Ali Baş Komandan cənab İlham Əliyevin hər sözünün, hər kəlməsinin, hər hərəkətinin dövlətimizin və xalqımızın milli birliyinin, təhlükəsizliyinin, milli maraqlarının təmin edilməsi istiqamətindəki rolunu hamılıqla dərk etmiriksə deməli hələ qələbənin necə, nəyin bahasın əldə edildiyini və miqyasını tam dərk edə bilməmişik. Bu günlərdə cənab Prezidentimiz İlham Əliyevin istər müharibə dövründə, istərsə də müharibədən sonra müxtəlif tədbirlərdə, Qarabağa səfərləri zamanı verdiyi müjdələrini, bəyanatlarını, çıxışlarını, çağırışlarını yenidən dinlədikcə, təhlil etdikcə, onun həmin anlarda hansı hisslər keçirdiyini duyduqca bu möhtəşəm şəxsiyyətin nə qədər uca, nə qədər böyük şəxsiyyət olduğunu dönə-dönə təsdiq etməli olursan.

          Təkcə özünün Prezidentlik fəaliyyəti dövründə cənab İlham Əliyev Azərbaycanımız üçün, onun tərəqqisi, inkişafı, beynəlxalq nüfuzu, xalqımızın həyat səviyyəsinin yaxşılaşması üçün çox işlər görüb. Lakin bu işlərin içində ən möhtəşəmi Qarabağın qaytarılmasıdır. Zaman keçəcək, illər ötəcək, İlham Əliyevin adı və əməlləri yüz illər, min illər, əbədiyyətəcən Qarabağla qoşa çəkiləcək, hallanacaq, bu müqəddəs işlə birbaşa bağlı olacaqdır.

          İndi düşmən tərəfi ilə, vasitəçilərlə, böyük dövlətlərin rəhbərləri ilə aparılan danışıqların sirləri, detalları açıldıqca, aydınlaşdıqca, müxtəlif informasiya mənbələrinin Qarabağ problemi ilə bağlı məlumatları ilə tanış olduqca İlham Əliyevin bir vətəndaş kimi, bir azərbaycanlı kimi, Ümummilli liderimiz Heydər Əliyevin bir silahdaşı kimi, bir sərkərdə, bir siyasətçi və bir dövlət başçısı kimi müdrikliyi, üzaqgörənliyi, səbri, dönməzliyi, əzmkarlığı, yenilməzliyi, qətiyyəti qarşısında heyrətə gəlirsən. Onun xarakterinin bu çalarları qarşısında baş əyməli olursan.

         Danışıqlar prosesinin İlham Əliyev dönəmində o, bu danışıqları tək aparırdı. Danışıqların vaxtını, gündəliyini, formatını təkbaşına müəyyənləşdirirdi. Ötən 17 il ərzində Amerika, Rusiya və Fransa kimi dövlətlərin həmsədr olduğu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda nə qədər təkliflər, həll variantları hazırlandı. Düşmən ölkədə 3 dəfə ölkənin rəhbəri dəyişdi, həmsədr ölkələri təmsil edən dövlətlərin prezidentləri, onların nümayəndələri bir neçə dəfə dəyişdi.                                     Dəyişməyən bir şey vardı. Azərbaycan Prezidenti İlham Əliyev və onun dəyişməz mövqeyi, dönməz iradəsi, yenilməz qətiyyəti.

          Düşmən və onun havadarları nə qədər milli və mənəvi heysiyyatımızla oynasalar da İlham Əliyev səbrlə dözdü, zamanını gözlədi. Eyni zamanda Onun mövqeyi dəyişməz qaldı: “Azərbaycanın ərazisi müzakirə predmenti ola bilməz, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz. Məsələ yalnız Azərbaycanın ərazisi bütovlüyü çərçivəsində həll ola bilər”. Budur Azərbaycan Prezidenti İlham Əliyevin  qəti, yenilməz və dəyişməz mövqeyi.

         Düşmən tərəfi nə qədər danışıqları pozsa da, status-kvonu uzatmağa çalışsa da, Azərbaycana qarşı yeni ərazi iddiaları niyyəti ilə təxribatlar törətsə də cənab İlham Əliyev dözmək həddinə, dözüm sərhədinə qədər dözdü və düşməni, onlara dəstək verən, havadarlıq edən qüvvələri dəfələrlə xəbərdar etdi. “Dayanın, durun” - dedi. Bu təxribatçıları, yaramazları “dayandırın” dedi. Lakin düşmən tərəfi nəticə çıxarmadı. Nəhayət onların növbəti təxribatının qarşısı qətiyyətlə alındı. Əsrə bərabər 44 günlük müharibədə Azərbaycanın Böyük və Müqəddəs qələbəsi təmin edildi. Bu qələbə nəticəsində müstəqilliyimiz də,  ərazi bütövlüyümüz də təmin edildi. Qarabağın incisi Şuşa düşmən işğalından azad edildi. Status-kvo da, Dağlıq Qarabağın statusu da “gorbagor oldu”...

          Müharibədən sonra regionda yeni bir situasiya yaranıb. Bu situasiyada diqtə edən Azərbaycandır və Azərbaycan Prezidentidir.                                               İndi Qarabağda böyük tikinti, bərpa və abadlıq işlərinə başlanıb. Bir müddət keçəcək Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. Bu işləri müəyyənləşdirən və onlara birbaşa nəzarət edən də cənab Ali Baş Komandan İlham Əliyevdir.

         Təbii ki, Azərbaycanımızın uğurlarına sevinməyən, Prezidentimizin və ordumuzun bu qələbsinə kölgə salmağa çalışan, onun səviyyəsini kiçiltməyə cəhd edən, cürbəcür əsassız, şər və böhtan xarakterli çamurlar atan, adı azərbaycanlı olub müxtəlif ölkələrdə özlərinə sığınacaq taparaq Azərbaycan əleyhinə əkstəbliğat aparan milli satqınlar, muzdlu nökərlər də var və onlar hər gün dəridən-qabıqdan çıxaraq öz çirkin təbliğatlarını aparmaqdadırlar. Lakin  bu canlılar üzü göyə tərəf  nə qədər səslənsələr də karvan öz yolunda, sarvan öz işindədir...

         Bu yaz Qarabağda bir başqa yaz olacaq. Nəhayət 30 il öz doğmalarına həsrət qalan “Xarı Bülbül” Cıdır Düzündə şəhidlərimizin ruhları kimi boy verəcək. Şəhid qanından suvarılmış Qarabağ torpağında al lalələr bitəcək.           Zaman keçəcək, bəstəkarlarımız bu qələbəyə həsr olunmuş və əsrlərlə səslənəcək möhtəşəm qələbə mahnısını, ən gözəl əsərlərini bu qələbəyə həsr edəcəklər. 30 illik mübarizəni, danışıqlar prosesini, müharibə dəhşətlərini özündə əks etdirən ən möhtəşəm çox seriyalı sənədli və  bədii filmlər bu qəhrəmanlıqdan danışacaq. Yazıçılarımız, şairlərimiz ən gözəl əsərlərini bu qələbəyə həsr edəcək. Mən əminəm ki, Füzulidə, Xocavəndə, Suqovuşanda, Murovda, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Laçında və nəhayət Şuşada tank, qrad, pulemyot, avtomat atəşlərinin səslərini, insanın qışqırıq, inilti səslərini,  müharibə səhnələrini canlı əks etdirən təbiət qoynunda monumental abidələr qurulacaqdır.

        Və bütün bu əsərlərin qəhrəmanı Azərbaycan əsgəri ilə yanaşı, bu qələbənin əldə edilməsində 17 il çarpışmış Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaqdır.