YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Türkiyəyə 5 milyard ABŞ dolları, Türkiyə isə ölkəmizə 6,3 milyard ABŞ dolları həcmində investisiya yatırıb

Hazırda Azərbaycanda 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycan Türkiyəyə 5 milyard ABŞ dolları, Türkiyə isə ölkəmizə 6,3 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və Türkiyə bir sıra iri enerji və nəqliyyat layihələrinin fəal iştirakçılarıdır. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyadan Avropaya əsas nəqliyyat layihəsi olmaqla ölkələrimizin tranzit imkanlarını artıracaqdır.
Bu fikirlər iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı səsləndirilib.
Nazirlikdən bildiriblər ki, görüşdə Şahin Mustafayev Azərbaycan-Türkiyə siyasi-iqtisadi əlaqələrinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini, əlaqələrimizin dünyada nümunə olduğunu vurğulayıb. Nazir bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir. İndiyədək 40-ı iqtisadi sahədə olmaqla, Azərbaycan və Türkiyə arasında 190-a yaxın sənəd imzalanıb.
Şahin Mustafayev iki ölkə arasında ikitərəfli və tranzit yükdaşımalarının inkişaf etdirilməsi, aqroparkların yaradılması, sənaye parklarına Türkiyə investorlarının cəlb edilməsi, eləcə də ixracın təşviqi mexanizmləri və sənaye məhəllələrinin yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması, kənd təsərrüfatı, qida, tekstil, turizm, bankçılıq sahələrində əməkdaşlığın genişləndirilməsi, 3-cü ölkələrdə birgə müəssisələrin yaradılması imkanlarını xatıtladıb, bu sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsini təklif edib.
Nazir yaxın iki ay ərzində üçtərəfli formatda Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran iqtisadiyyat nazirlərinin görüşünün və biznes forumların təşkil olunmasını təklif edib və bu barədə razılığa gəliblər. Bundan başqa, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatında da bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Nihat Zeybekci qardaş Azərbaycana səfərindən, ölkəmizin sürətli inkişafından məmnunluğunu ifadə edib, Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. N.Zeybekci ölkələrimizin mövcud potensialından istifadə etməklə iqtisadi əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, iqtisadi əməkdaşlığın yeni istiqamətlərinə dair fikirlərini bölüşüb, kənd təsərrüfatı sahəsində preferensial ticarət əlaqələrinin yaradılması təklifi ilə çıxış edib.
Görüşdə iş adamları birliklərinin, o cümlədən Türkiyədə Azərbaycan İş Adamları Birliyinin fəaliyyətinin dəstəklənməsinin davam etdirilməsi qərara alınıb.
İqtisadiyyat nazirlərinin görüşündə, həmçinin PETKİM, STAR, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars layihələrinin icrası, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.