YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar məlumatlandırma kampaniyası keçirir

Xocalı qətliamının 29-ci ildönümü ilə əlaqədar ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyasına start verib. ABŞ Azərbaycanlılar Şəbəkəsi tərəfindən hazırlanmış, konqresmenlərə, ştatların parlamentlərinin və administrasiyalarının qanunvericilərinə, Dövlət Departamentinə, ABŞ prezidentinə və vitse-prezidentinə ünvanlanmış müraciətdə qeyd edilir ki, 1992-ci ilin fevral ayında Xocalıda keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayət müasir tarixdə sənədlərlə təsdiq edilmiş ən dəhşətli hadisələrdən biridir.

Müraciətdə Xocalının işğalı zamanı həlak olmuş insanlar haqqında statistik informasiya və erməni silahlı bölmələri tərəfindən Qaradağlı, Malıbəyli və Quşçular kəndlərində və Xocalı şəhərində törədilmiş vəhşiliklər barədə məlumatlar verilir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycandan qeyd-şərtsiz və dərhal çıxmasını tələb edən dörd qətnaməsi (822, 853, 874, 884) barədə də məlumat verilir.

ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qırğınının dünya ölkələrinin qanunverici orqanları və hökumətləri tərəfindən tanınmasının vacibliyini vurğulayaraq qeyd edir ki, Xocalı qırğını bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb.