Xəbərlər
Zahid Oruc: Türkiyə ilə Rusiya arasında münasibətlərin müsbət məcrada inkişaf etməsi Azərbaycanın maraqlarına uyğundur

«Türkiyə ilə Rusiya arasında münasibətlərin müsbət məcrada inkişaf etməsi Azərbaycanın maraqlarına uyğundur». Bu fikri Milli Məclisin deputatı Zahid Oruc deyib.
Z.Oruc bildirib ki, tarix boyu bu iki dövlət arasındakı müharibələr Cənubi Qafqaz regionuna böyük zərbə vurub və bundan ən böyük ziyan çəkənlərdən biri də Azərbaycan olub. Onun sözlərinə görə, hazırki dövrdə istər iqtisadi, istərsə də enerji tərəfdaşlığı baxımından Rusiyanın Türkiyəyə daha çox etibar etməsi və ona yaxınlaşması gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə, eləcə də Cənubi Qafqazdakı geopolitik duruma öz təsirini göstərəcək.
«Bu proseslərin genişlənməsində də Azərbaycan maraqlı tərəf kimi iştirak etməlidir. Bu gün Rusiya-Türkiyə birliyinin fundamental, köklü, geopolitik maraqları baxımından əsasları mövcuddur. Yəni hər iki ölkəni bir-birinə Avropa Birliyi ilə münasibətlərdə xeyli problemləri olması yaxınlaşdırır. Onu da qeyd etmək yerinə düşərdi ki, artıq hər iki xalqın nümayəndələri bir-birilərinə münasibətdə xeyli yaxınlaşıblar. Bu yaxınlaşma əsasən turizm sektoru ilə əlaqədardır. Belə olan təqdirdə Rusiya-Türkiyə əlaqələrinin gələcəyinə nikbinliklə baxmaq lazımdır. Bununla belə, Ermənistanın bu münasibətlərə təsiri neytrallaşdırılmayıb, hələ də bu ölkədən Türkiyə və Azərbaycan əleyhinə istifadə olunur. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiya-Türkiyə baxışlarını vahid bir məcraya salmaq üçün müəyyən addımlara ehtiyac var»- deyə, Z.Oruc qeyd edib.