YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspan mətbuatı Azərbaycan tərəfindən Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə şikayət verilməsindən yazır

İspaniyanın EFE informasiya agentliyi və ölkənin qocaman qəzetlərindən biri olan “La Vanguardia” “Azərbaycan Dağlıq Qarabağdakı müharibəyə görə Ermənistanı Avropa İnsan Haqları Məhkəməsinə verib” sərlövhəli material dərc edib.

Materialda Azərbaycanın Dağlıq Qarabağın 30 ilə yaxın işğal altında olduğu dövrdə və bu yaxınlardakı 44 günlük müharibə zamanı öz vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasına görə Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı iddia qaldırması diqqətə çatdırılır.

Bu barədə İspaniyanın EFE informasiya agentliyinə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin deputatı Kamal Cəfərov bildirib.

Azərbaycanlı deputat izah edib ki, şikayət ərizəsində Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik rayonların 30 ilə yaxın davam edən işğalı dövründə dinc azərbaycanlı əhalinin və hərbi qulluqçuların yaşama, dini etiqad və mülkiyyət hüquqlarının pozulması, həmçinin bu insanlara işgəncə verilməsi və onlarla qəddar davranış kimi məsələlər qaldırılır.

İspaniya nəşri diqqətə çatdırır ki, Azərbaycan Qarabağda müharibələrin gedişində 3890 vətəndaşının itkin düşməsi barədə sübutlar gətirib. Bununla yanaşı, Ermənistan bu faktların təhqiqatı üçün hər hansı tədbirlər görməyib.

Qeyd olunur ki, bu, Azərbaycanın Ermənistana qarşı ilk şikayətidir. Çünki azərbaycanlıların bundan əvvəlki şikayətləri fərdi qaydada qeydiyyatdan keçirilib.