YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində humanitar fəaliyyəti dəstəkləmək məqsədilə 2 milyon dollar ayırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində təşkilatın davam edən humanitar fəaliyyətini dəstəkləmək üçün Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb.

Bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentlikləri qida, sığınacaq, gigiyena, qışa hazırlıq, mina riskinə dair məlumatlandırma, səhiyyə, psixoloji və sosial dəstək, eləcə də təhsil sahələrində ilkin yardım göstərib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, ayrılan vəsait münaqişədən əziyyət çəkən insanların normal həyata dönməsi üçün BMT agentliklərinin hazırda həyata keçirdiyi fəaliyyətlərin miqyasını artıracaq: “Biz, qadın və uşaqlar da daxil olmaqla əhalinin ən həssas qruplarının təcili ehtiyaclarını ödəmək üçün Azərbaycan Hökuməti, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə sıx əməkdaşlığımızı davam etdirəcəyik”.

Bu vəsait BMT-nin ölkə üzrə İdarə Heyətinin Azərbaycan Hökumətinin dəstəyi ilə münaqişədən zərər çəkmiş ərazilərdə apardığı çevik agentliklərarası qiymətləndirmə missiyasının nəticələri əsasında ayrılıb. Vəsait münaqişənin təsirinə məruz qalan əhalinin sığınacaq və qeyri-ərzaq məhsulları ilə təmin olunmasını, minalardan təmizləmə fəaliyyətinin əlaqələndirilməsini, zəruri dərman və tibbi avadanlıqlarının çatdırılmasını, habelə mental sağlamlıq və psixoloji-sosial xidmətlərin göstərilməsini dəstəkləyəcək.