Xəbərlər
Regional idarəetmədə yeni mərhələnin başlanğıcı

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü
Azərbaycanın uğurlu inkişafını təmin edən əsas amillərdən biri bütün sahələrdə davamlı islahatların həyata keçirilməsidir. 2018-ci ildən etibarən yeni mərhələsinə start verilən islahatlar kursu təkcə iqtisadi inkişafın dayanıqlılığını, əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin etməyib. Bu, eyni zamanda, idarəetmədə səmərəliliyin, çevikliyin artmasına xidmət göstərib. Təsadüfi deyil ki, davamlı olaraq müxtəlif beynəlxalq reytinq təşkilatlarının hesabatlarında Azərbaycanda həyata keçirilən islahatlar və onun nəticələri çox yüksək qiymətləndirilir, ölkəmizin gələcəyi ilə bağlı müsbət proqnozlar verilir.
Torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafı üçün yeni perspektivlər açıb
Ən vacib məsələlərdən biri budur ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyub, yeni perspektivlər açılıb. Burada işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Artıq bu prosesə başlanıb və həyata keçirilən işlər bütövlükdə Azərbaycanda regional inkişafa təkan verəcək. Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanından irəli gələn işlərin həyata keçirilməsi isə islahatların məntiqi davamı, zamanın çağırışlarına uyğun regional inkişafın yeni mərhələsinin başlanğıcıdır.
Yeni modelinin yaradılması və islahatların davamı
Faktdır ki, Prezident İlham Əliyev mütəmadi şəkildə islahatların davamlı olacağını və dərinləşdiriləcəyini bəyan edir, yeni dövrə uyğun layihələrin, proqramların həyata keçiriləcəyinin anonsunu verir. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında Fərmanın imzalanması, yeni təyinatın olması da bunu göstərir ki, islahatlar prosesi davamlı xarakter daşıyır, ölkəmiz yeni hədəflərə doğru irəliləyir. Bu sənəd çərçivəsində qarşıdakı dövrdə əsas məqsəd işğaldan azad edilmiş ərazilərin canlanması üçün quruculuq, bərpa və yenidənqurma işlərinin fasiləsiz həyata keçirilməsi, dövlət orqanlarının və digər təşkilatların birgə fəaliyyətinin təşkilidir. Başqa sözlə, indiki mərhələdə işğaldan azad olunmuş rayonlarımızın məqsədyönlü şəkildə yenidən qurulması, tarixi, mədəni irsinin bərpası, sakinlərin rahat yaşayışının təmin olunması prioritet məsələdir. Əlbəttə, bu vəzifədən irəli gələn işlər həm də gələcək hədəflərin reallaşmasına xidmət edir.
Beləliklə, yuxarıda söhbət açdığımız Fərman çərçivəsində atılan addımlar yeni regional idarəetmə modelinin yaradılması baxımından əhəmiyyətlidir. Bu, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə bağlı gələcək üçün yeni nümunələrin formalaşmasına imkan verəcək.