YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Azərbaycan gəncliyi özünün ən xöşbəxt və qürurlu Gənclər Gününü qeyd edir

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Dünya gəncləri arasında özlərinə məxsus günləri olan gənclərin sayı çox azdır. Bu sadəcə qayğı, diqqət deyil, həm də gənclərin daxili enerjilərinin, özlərinə güvənlərinin artmasına səbəbdir. Həyat, fəaliyyət, inkişaf tendensiyaları o zaman uğurlu olur ki, davamlı və dayanaqlı olsun. Deməli, hər kəs öz yerini zamanı gələndə daha gənc nəsillərə ötürməlidir. Bunu bayraq yarışı da adlandırmaq olar. Zamanı gəlincə gənclərimizin yerlərimizi almağı və dövlətlərinə ləyaqətlə xidmət etmələri üçün biz onları yetişdirməliyik. Necə ki, bizi bir zamanlar yetişdiriblər.

Yaxşı xatırlayıram, 90-cı illərin əvvəllərində ölkəmizin problemləri var idi. Müharibə, yoxsulluq, dövlət aparatının idarə etməyə nəzarəti itiməsi kimi hallar növbənin gənclərin problemlərinə çatmasına imkan vermirdi. Lakin gənclər sabahımızdır. Bunu hiss edən rəhmətlik Ulu Öndər ölkə gənclərinin ilk forumu təşkil etdi və o zamanın gəncləri olan bizlərə “2 fevral – Azərbaycan Gəncləri Günü”nü ərmağan etdi. Məhz bu tarixdən sonra gənclərin önü açıldı. Onların təhsil almağı üçün şəraitləri yaxşılaşdı, dövlət işlərində irəliyə çəkilməsi gündəmə gəldi. Bu addım Ulu Öndər Heydər Əliyevin xalqı və xalqının işıqlı gələcəyi qarşısında müstəsna xidməti idi. Əslində hər kəs bu tarixi bilir, lakin daim yadda saxlanılmalı və yeni nəsillərə ötürülməli olan şanlı gənclər tarixinə sahibik.

Cənab İlham Əliyevin xalqımız tərəfindən prezident seçilməsi məhz yuxarıda qeyd etdiyim bayraq yarışının ən bariz nümunəsi idi. Ulu Öndər Heydər Əliyev gəncliyin gələcək olduğunu bilərək onu yetişdirirdi. Ondan sonrakı dövrlərdə sübut olundu ki, İlham Əliyev şəxsiyyəti Ulu Öndər fenomeninin ən layiqli davamçısıdır. Gənclərə olan münasibətinin özü belə mərhum Heydər Əliyevin mirasıdır.

Bu gün Azərbaycan gəncliyi özünün ən xöşbəxt və qürurlu Gənclər Gününü qeyd edir. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyev xüsusi olaraq Azərbaycan gənclərinin, mərd oğullarının qəhrəmanlığını qeyd etmişdir. Qırx dörd günlük müharibə bir qəhrəmanlıq dəstanıdır. Şuşanı ağlasığmaz əməliyyatla azad edən ordumuzun əsgər və zabitlərinin  mütləq əksəriyyəti gənclərdir. Bir zamanlar uşaq kimi ana qucağında Qarabağdan çıxanlar indi tank üstündə qəhrəman kimi ata-baba torpaqlarına daxil oldular. Əlbəttə, qələbələr qurbansız olmur. Canlarını, öz nakam ömürlərini qurban vermiş şəhid gənclərimizin ruhları qarşısında baş əyirəm. Onların əziz xatirələri qədirbilən xalqımızın qan yaddaşında əbədi həkk olunacaqdır.

Azərbaycan xalqının gənc və qəhraman övladları başda Ali Baş Komandan olmaqla müharibənin özlərindən sonrakı nəsillərə xoşagəlməz miras kimi qalmasına imkan vermədilər. Ümumiyyətlə yeni dövr, yeni mərhələ yaradan liderlərin davamçıları, ondan ilham alanlar haqqında “onun təsir etdiyi gənclik”, “onun yetişdirdiyi yeni nəsil” sözlərini siyasi lüğətimizdə işlədirik. İlham Əliyevin hakimiyyətdə olduğu illərdə vətənpərvər, gənc nəsil yetişibdir. Biz qəhrəman gəncliyimizlə fəxr edirik.

Yeni Azərbaycan Partiyasının gənclərin yetişməsində rolu danılmazdır. Bu gün bizim sıralarımızdan çıxan gənc deputatlar, nazirlər, komitə sədrləri, səfirlər, təşkilat, birlik sədrləri, yerli icra hakimiyyətləri başçıları, bələdiyyə sədrləri və müxtəlif yüksək ixtisaslı peşə sahibləri vardır. Onların dövlətimizə və xalqımıza göstərdikləri xidmətlər əvvəlki nəsillərdən heç də geri qalmır. Hətta bir çox məqamda yeni texnologiyalar, yeni yanaşmalar nöqteyi nəzərindən özlərindən əvvəlki nəsilləri qabaqlayırlar. Gənclərin yetişmə tərzi bizim bir çox sahədə uğurlarımıza səbəb olmuşdur. Onların milli ruhda formalaşması nəticədə torpaqlarımızın işğaldan azad edilməsinə gətirib çıxarmışdır.

Mən də möhtərəm İlham Əliyevin arxalandığı, istinad etdiyi və hər zaman haqqında böyük ruh yüksəkliyi ilə bəhs etdiyi Azərbaycan Gəncliyinə güvənirəm. Dövlətimizin işıqlı gələcəyi naminə hər birinizə uğurlar arzulayıram.

Yolunuz açıq olsun, əziz gənclər!