YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması olduqca vacib və əlamətdar bir hadisədir

“Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması olduqca vacib və əlamətdar bir hadisədir. Çünki hazırkı tarixi inkişaf mərhələsində gücdən danışarkən biz həm də “yumşaq güc” kimi xarakterizə etiyimiz informasiya gücündən danışırıq. Media isə bizim informasiya məkanımızın keyfiyyətinin, trendini təyin edən vasitədir və əslində, elə həm də milli gücümüzün tərkib hissəsi kimi çıxış edir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu parlamentin bu gün keçirilən yaz sessiyasının ilk iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.

Hikmət Babaoğlu bildirib ki, şanlı Vətən müharibəsi zamanı da gördük ki, informasiya nə qədər güclü silahdır və Azərbaycan Prezidenti bu silahdan da düşmənin informasiya müharibəsinə qarşı necə məharətlə istifadə etdi: “Ona görə də qardaş Türkiyənin mediası ilə ortaq əməkdaşlıq və koordinasiya edilmiş fəaliyyət bizim qlobal informasiya məkanında gücümüzü daha da atıracaq və ortaq media platforması yaradacaqdır. İmzalanan memorandumda bütün bu məsələlər öz əksini tapmaqla bir məsələ ayrıca vurğulanır. Sənəddə əlaqələrin və qarşılıqlı anlaşmanın təmin edilmsində medianın rolu xüsusi olaraq önə çəkilir və bunun inkişaf etdirilməsinin zəruriliyi qeyd edilir. Bu, çox mühüm məsələdir. Ona görə ki, qarşılıqlı dil, ünsiyyət anlaşması olmasa, birgə mediadan və onun səmərəli fəaliyyətindən də danışmaq olmaz. Dolayısıyla, sənəddə elə bir ortaq ünsiyyət mühitindən danışılır ki, orada anlaşma problemi yoxdur və bu, vəzifə kimi müəyyənləşdirilir. Ancaq çox təəssüf ki, bu çağırışlar bəzi media institutlarımız tərəfindən lazımi qədər diqqətə alınmır. Xüsusən son dövrlərdə Azərbaycan televiziya kanallarında efirə verilən və çox maraqla qarşılanan türk film və diziləri Azərbaycan dilinə tərcümə edilir”.

Millət vəkilinin fikrincə, bu, əslində, imzalanan memorandumda irəli sürülən məqsədlərlə bir qədər uyğun gəlmir: “Onda belə çıxır ki, hər gün televiziya efirində ekspert, şərhçi qismində çıxış edən Türkiyəli mütəxəssislərin də fikirlərini tərcümə edib efirə verməliyiki? Bu, doğru deyil. Mirzə Ələkbər Sabir hələ öz dövründə buna etiraz edərək, “türkcədən türkcəyə tərcümə də nə demək”,- deyə fikir bəyan etmişdi. Bəzi hallarda bununla da ürəyimiz soyumur, qardaş Türkiyə Cümhuriyyətinin adını Türkiyə Respublikası kimi tələffüz edirik. Bu, yolverilməzdir. Bu ölkəni quran Mustafa Kamal Atatürk onun adını Türkiyə Cümhuriyyəti qoyub. Adlar isə tərcümə edilmir. O başqa məsələdir ki, ərəb sözü olan “cəmahiriyyə” və ingilis sözü olan “republic” eyni mənanı verir. Yaxud “Zeytun dalı” əməliyyatını “Zeytun budağı”, “Barış Pınarı” əməliyyatını “Sülh bulağı” kimi yanlış tərcümələr edirik. Bunlar dil və dilçilik baxımından da təsdiq edəcəyimiz sənədin strateji məqsədləri baxımından doğru deyil. Ona görə də, fikrimcə, televiziyalarımız türk filmlərini tərcümə edərək efirə verməməlidirlər. Tam əksinə, Türkiyə televiziyaları ilə birlikdə Vətən müharibəsindən bəhs edən flimlər, dizilər çəkməlidirlər”.

Hikmət Babaoğlu bu sənəddə öz əksini tapan məqsədlərin bütün mediamızın fəaliyyət proqramına çevriləcəyinə ümidvar olduğunu söyləyib.