YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətimiz və xalqımız hər zaman şəhid ailələrinin yanındadır

Elmar MƏMMƏDOV

YAP İcra Katibliyinin Gənclərlə iş qrupunun rəhbəri

         2020-ci il Azərbaycan tarixinə böyük dönüş, möcüzələrin gerçəyə çevrilməsi mərhələsi kimi yazıldı. İki əsrdir mövcud olan, son 30 il ərzində isə savaşla davam edən qanlı münaqişə qüdrətli Ali Baş Komandanımızın və rəşadətli Ordumuzun hərbi qələbələri sayəsində, igid oğullarımızın qanı-canı hesabına birdəfəlik həll olundu. Şəhidlərimiz, igid qardaşlarımız, Vətən uğrunda comərdcə döyüşərək öz canlarını fəda ediblər. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox qəhrəman şəhidlərimizin ailələri haqq edir. Biz sizə minnətdarıq şərəfli qəhrəman Azərbaycan valideynləri! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladlarınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. İgid oğullarınız, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fədakarlıqla iştirak edib, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib.

         Biz sizin böyüdüb boya-başa çatdırdığınız vətənpərvər zabitlərimizlə hər zaman qürur duyacağıq! Onların vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Belə bir məqamda isə əmin olun ki, hər zaman olduğu kimi yenə də Azərbaycan hökuməti və dövləti siz şəhid ailələrinin yanında olacaq.

         Amma təəssüf ki, ötən gün ucuz siyasi xallar arxasınca qaçmağa vərdiş etmiş bir qrup radikal kəsim şəhid ailələrinin həssas məqamından öz maraqları naminə istifadə etməyə çalışdı. Bir daha bəlli oldu ki, 44 günlük vətən müharibəsi dövründə yoxa çıxan, lakin qəfildən vətən, millət təəssübü çəkənlərlərə torpaq anlayışı tamamilə yad hisslərdir. Adı azərbaycanlı özü isə birbaşa düşmən maraqlarından çıxış edənlər  xalqın gözü qarşısında növbəti dəfə şəhid ailələrini siyasi şou alətinə çevirməklə əsil mahiyyətərini ortaya qoymuş oldular.

         “Şəhidlər bizim and yerimizdir” demişik həmişə. Onlar biz müstəqil dövlətin vətəndaşları olaq deyə canlarını fəda ediblər. Hər bir azərbaycanlının üzərinə düşən öhdəlik şəhidlərimizi layiqincə yad etməkdir. Amma əsl Azərbaycan vətəndaşına və şəhidlərimizin adına layiq şəkildə etməliyik bunu, daha bir qrup radikal kəsimin tərəfdarları kimi yox.