YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Gürcüstan mətbuatının diqqət mərkəzindədir

Gürcüstan mətbuatında Qərblə Şərqi birləşdirəcək və Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi ilə əlaqədar silsilə materiallar dərc olunur.
Məqalələrdə BTQ-nin təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avropa ilə Asiya arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağı, iki qitə arasında körpü olacağı xüsusi vurğulanır.
Qeyd olunur ki, dəmir yolu xəttinin Gürcüstan ərazisindəki tikintisi artıq başa çatdırılıb. Azərbaycanın və Gürcüstanın rəsmi şəxslərinin iştirakı ilə yolun Tbilisi-Marabda-Axalkalaki-Kartsax hissəsində sınaq qatarı xəttə buraxılıb.
Mətbuat yazır ki, bununla da Gürcüstanın bu xəttin tikintisini vaxtında başa çatdıracağı ilə bağlı suallara, şübhələrə və şayiələr son qoyulub.
Belə ki, bəzi ekspertlər 2007-ci ildə başlanılan xəttin inşasının müəyyən səbəblərdən gecikəcəyini, hətta bəziləri siyasi problemlər üzündən bu yolun tikilməyəcəyini söyləyirdilər.
Qeyd olunur ki, bu xəttin tikintisində 2500-dən çox insan çalışıb. Gürcüstanın regionlarında işsizliyin 60 faizdən çox olduğu bir zamanda Axalkalaki kimi etnik bölgədə 2500 nəfərin işlə təmin olunması yüksək qiymətləndirilir.
BTQ-nin Gürcüstanın hissəsinin tikintisinə Azərbaycan tərəfinin dəstəyi də bu ölkənin mətbuatında xüsusi vurğulanır. Bildirilir ki, Azərbaycan tərəfi xəttin tikintisi üçün Gürcüstana uzun müddətə, çox güzəştli şərtlərlə 775 milyon dollar kredit ayırıb. Bu vəsait xəttin tikintisində mühüm rol oynayıb.
BTQ-nin səmərəsinə toxunan yazarlar qeyd edirlər ki, dəmir yolu tam işə düşdükdən sonra bu yol ilə ildə 17 milyon ton yük və 1 milyondan çox sərnişin daşınacaq.
“Marabda-Kartsaxi” layihəsinin maliyyə direktoru Qoça Çaqelişvili jurnalistlərə bildirib ki, Gürcüstan Dəmir Yolu Avropadan dünya standartlarına cavab verən yeni vaqonlar almağı planlaşdırır. Hazırda bununla əlaqədar İsveçrənin “Stadler” və İspaniyanın “Talgo” şirkətləri danışıqlar aparılır.