YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Dünya birliyi Cənubi Qafqazda yeni reallıqların yarandığını qəbul edir

“Son bir neçə ay ərzində Azərbaycanın həyatında çox ciddi dəyişikliklər baş verib. Sözün həqiqi mənasında Azərbaycan tarixinin yeni mərhələsinin yaşamaqdayıq”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videoformatda keçirilən ümumrespublika müşavirəsində deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal altında olan torpaqlarımızı, Qarabağımızı azad etdi. Artıq dünya birliyi də Cənubi Qafqazda yeni reallıqların yarandığını qəbul edir. Uzun illər problemi danışıqlar yolu ilə həll etməyə çalışsaq da, qarşı tərəfin qeyri-konstruktiv mövqeyi nəticəsində bu baş  vermədi. Bu problemi Azərbaycan Ordusu həll etdi. Beləliklə, öz yurdlarından  məcburi köçkün vəziyyətinə düşmüş insanların torpaq həsrətinə son qoyuldu. Azərbaycanda 30 il ərzində hamımız üçün üzüntülü ifadə olan məcburi köçkün ifadəsi, bu statusu daşıyan insanlar yoxdur.

Əli Əhmədovun sözlərinə görə, bütün bu amillər  cəmiyyətimizin, insanlarımızın həyatında yeni mənəvi-psixoloji məqamlar yaradır. Azərbaycan 30 ildən sonra, ötən il  noyabrın 10-dan etibarən qalib dövlət statusuna nail olub. Bu, hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir.

Ölkəmizin qarşısında yeni reallıqlar dayandığını deyən Baş nazirin müavini söyləyib ki, bu reallıqlara uyğun şəkildə gələcək həyatımız quruculacaq: “İşğaldan azad olunmuş Qarabağ torpaqlarında həyatın canlandırılması, infrastrukturun qurulması, insanların bu torpaqlara köçürülməsi üçün zəruri şəraitin yaradılması bizim qarşımızda duran dövr ərzində həyata keçirməli olduğumuz vacib vəzifələrdir. Nəticə etibarilə Prezidentimizin rəhbərliyi ilə  qarşıya qoyulan vəzifələr layiqincə həyata keçirildiyi kimi, o cümlədən Qarabağın işğaldan azad olunması kimi çox çətin vəzifə uğurla reallaşdırıldığı kimi, işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlandırılması istiqamətində də nəzərdə tutulan proqramlar böyük müvəffəqiyyətlə  həyata keçiriləcək. Çox yaxın zamanlarda Azərbaycan tamamilə yeni simada olacaq”.