YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Moskva görüşü və imzalanan bəyanat regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirməyə, bölgənin iqtisadi tərəqqisinə xidmət edir

“2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələri yazıldı. Müzəffər Ordumuzun rəşadəti, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi, əsl sahiblərinə qaytarıldı. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi kimi yaddaşlara həkk olundu. 2021-ci il yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş də Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişi, mövcud problemlərin aradan qaldırılması və regionda dinc həyatın təmin olunması ilə bağlı növbəti addımların birlikdə müzakirəsi kimi tarixə düşdü”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Regionun davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün üçtərəfli görüşün vacibliyini qeyd edən deputat vurğulayıb ki, Moskva görüşü və imzalanan bəyanat regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirməyə, bölgənin iqtisadi tərəqqisinə xidmət edir. Belə ki, görüşün nəticəsi olaraq regionda nəqliyyat kommunikasiyalarının işə düşməsi “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi “Mehri dəhlizi”nin reallaşması Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması deməkdir. Bu da Azərbaycanın Naxçıvan Muxtar Respublikası, həmçinin Türkiyə ilə əlaqələrini gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini artıracaq.

P.Kərimzadə bildirib ki, Prezident İlham Əliyev üçtərəfli görüşdən sonra mətbuata bəyanatında qeyd etdiyi kimi, kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək: “Görüşdə Rusiya tərəfinin üçtərəfli razılaşmalara əməl olunmasına görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə etməsi də diqqətdən yayınmayıb. Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüşdə də ölkələrimiz arasında münasibətlərin çox uğurla inkişaf etdiyi vurğulanıb, Bəyanatın böyük perspektivlər açacağı qeyd olunub”.