Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland birgə nahar etmişlər
Mayın 12-də Azərbaycan-Fransa biznes forumu başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Respublikasının Prezidenti Fransua Olland birgə nahar etmişlər.
Mərasimdə iştirak edən Azərbaycan əsilli məşhur fransız teatr və kino aktyoru, rejissor, Parisin “Marini” Teatrının bədii rəhbəri Rober OSEYN çıxış edib.
Rober Oseyn babasının Azərbaycanda doğulduğunu, atasının isə Səmərqənddə dünyaya gəldiyini bildirdi. Qeyd etdi ki, onlar Fransada yaşadıqları müddətdə dünya mədəniyyətinə və musiqisinə əvəzsiz töhfələr vermişlər. Onların yaratdıqları əsərlər hazırda müxtəlif səhnələrdə səsləndirilir və bu gün həmin ənənə Rober Oseynin oğlu Pyer tərəfindən davam etdirilir.
Mərasimin sonunda dövlət başçıları ilə görüşən Pyer Oseyn Azərbaycan tarında ifa etdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Fransa Prezidenti Fransua Ollandı yola saldılar.