YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Qələbəmiz bütün dünyaya sübut etdi ki, Azərbaycanın sözü ilə əməli arasında heç bir fərq yoxdur

“Möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə Zəfərimizə gedən yolun, eyni zamanda, tarixi Qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərdə icra ediləcək quruculuq və bərpa layihələrinin təqdimatı kimi dəyərləndirilir. Müşavirədə dövlətimizin başçısı bildirdi ki, bütün şəhərlərin, kəndlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. İlk növbədə böyük yaşayış məntəqələri bərpa olunmalı, ərazilərdə infrastruktur, məşğulluq və sair kimi məsələlər nəzərə alınmalıdır. Bu əminlik də ifadə olundu ki, Qarabağ bölgəsinin zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri onu Azərbaycanın əsas turizm zonalarından birinə çevirəcək.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 44 günlük müharibə arxada qalsa da dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Artıq yetər” söyləyib “Azərbaycan əsgəri, irəli!” əmrini şərtləndirən amillər, işğalçı Ermənistanın və ona havadarlıq edən dövlətlərin 30 il ərzində imitasiya naminə danışıqlar aparması, dünya üçün beynəlxalq hüquq anlayışı arxa planda olsa da Azərbaycanın beynəlxalq münasibətlərdə bu amilin böyük rol oynadığını təsdiqləməsi, ən əsası döyüş meydanında Qələbənin siyasi müstəvidə Qələbəyə də böyük yol açması, Azərbaycanın dünyanın hərb tarixinə yazdığı yeni səhifə xarici ölkələrin mətbuatında bu gün də müzakirə olunur: “Möhtərəm Prezidentimiz İlham Əliyevin videoformatda keçirilən müşavirədə qeyd etdiyi kimi, bu tarixi Qələbə dünyaya göstərdi ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Dövlətimizin başçısı mötəbər tribunalardan daim bəyan edirdi ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü sayəsində ölkəmiz 44 gün davam edən Vətən müharibəsi nəticəsində bu məsələni həll etdi. Baxmayaraq ki, dünyada kifayət qədər güclü erməni lobbisi var, bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da geri çəkilmədi. Dünyanın aparıcı dövlətlərinin dəstəyi Ermənistana nə verdi? Təbii ki, heç nə. Azərbaycanın gücü, iradəsi qarşısında bu dəstək sıfıra bərabər oldu. Dünya gördü ki, Azərbaycanı heç kim yolundan, mövqeyindən döndərə bilməz. Azərbaycan o zaman dayandı ki, Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf etdi, diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu. Bir sözlə, İkinci Qarabağ müharibəsi Ermənistan üçün tarixi dərs oldu.”

Baş redaktor bu fikri xüsusi qeyd edib ki, 30 ilin əziyyəti, ümidsizliyi, əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi: “Əksinə, biz daha da bütövləşdik, mətinləşdik, gücləndik. Xalqımız işğala dözmədiyini, buna son qoymağın zamanı olduğunu möhtərəm Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşməklə sübut etdi. İndi bütün dövlətlər Azərbaycanın Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Bu Qələbə Azərbaycan tarixində şanlı Qələbə kimi əbədi qalacaq.”

“İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə baş verənlər dövlətimizin başçısı İlham Əliyevin 30 ilin imitasiya naminə danışıqlarına son qoyub döyüş meydanında ədaləti bərpa etməsinin mahiyyətini daha dərindən dərk etməyə geniş imkan yaratdı” söyləyən V.Rəhimzadə vurğulayıb ki, Azərbaycana dünyanın müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi və ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi.

Baş redaktor vurğulayıb ki, böyük Qələbəyə aparan yolda Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi uğurlu siyasətin, diplomatik fəaliyyətin rolu xüsusi qeyd edilməlidir: “Həm ölkə daxilində ardıcıl şəkildə təşkil edilən, qlobal problemlərin müzakirə olunduğu, həm də ayrı-ayrı ölkələrdə keçirilən müxtəlif səviyyəli tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması, dünyanın əsas aparıcı dövlətlərində və beynəlxalq təşkilatlarında fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz həqiqətlərimizin bütün dünyaya çatdırılmasında mühüm rol oynadılar. Münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Azərbaycanın siyasi Qələbəsini təsdiqləyən 10 noyabr razılaşması da bu məqamlara işıq saldı. Bütün dünyaya sübut edildi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

“Azərbaycan xalqı üçün bu müharibə azadlıq, Ermənistan üçün isə işğalçılıq müharibəsi idi” söyləyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın ədalətli, məsuliyyətli, humanist siyasəti, Ermənistandan fərqli olaraq hətta hərbi əməliyyatlar dövründə belə yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparılması, dinc əhalinin hədəfə götürülməməsi, ərazilərin boşaldılması üçün düşmənə vaxt verilməsi kimi addımları dünyaya ciddi mesaj olmalıdır: “Bəs işğalçı Ermənistan bu humanistliyin qarşısında havadarlarının dəstəyi ilə hansı addımları atdı? Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan hakimiyyətinin tapşırığı əsasında mülki əhali, yaşayış məntəqələri atəşə tutuldu. Bu hərbi təxribatlar nəticəsində 100 nəfərə yaxın insan həlak oldu, 400-dən çox mülki əhali yaralandı. Ermənilərin Kəlbəcəri, Ağdamı, Laçını boşaldarkən törətdikləri vəhşiliklərin miqyası ölçüyəgəlməzdir. Dünya bunları gördü, amma çox təəssüflər olsun ki, susdu.”

V.Rəhimzadə Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərinin, o cümlədən Fransa parlamentarilərinin, Ermənistanın xarici işlər nazirinin Dağlıq Qarabağa səfərlərinə də münasibət bildirərək bunun yolverilməz, 10 noyabr üçtərəfli Bəyanatının şərtlərinə zidd olduğunu bildirib: “Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsaslanır. Cənab Prezidentin qeyd etdiyi kimi, bu Bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmalı və təxribatçı addımlarından birdəfəlik əl çəkməlidir. Ölkə Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, əks təqdirdə bunun cavabı sərt olacaq.”

Baş redaktor 2020-ci ilin mühüm hadisələrinə nəzər salınması fonunda Qələbənin memarı, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin gələcəyi ilə bağlı fikirlərinə də diqqət çəkərək bildirib ki, 2021-ci il Azərbaycan üçün çox əlamətdar olacaqdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, planlarımız həyatda uğurla gerçəkləşir. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcək. Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. Azərbaycan üçün yeni bir dövr başlanır.