YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Siyasət Akademiyasının “Ermənistan-Azərbaycan müharibəsi və yeni tarixi reallıqlar” mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib

Dekabrın 26-da Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının “Ermənistan-Azərbaycan müharibəsi və yeni tarixi reallıqlar” mövzusunda videokonfrans formatında kursu keçirilib.

Kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və  onun ətrafında monolit birliyi haqqında məlumat verib, ölkəmizin 44 günlük Vətən müharibəsi dövründə qazandığı parlaq qələbədən bəhs edib.

Sonra Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu mövzu haqqında çıxış edib. H.Babaoğlu bildirib ki, Azərbaycan 30 il ərzində münaqişənin sülh yolu ilə həlinə ümid edirdi. Bu baxımdan, konstruktivlik nümayiş etdirərək sülh prosesinə sadiqlik nümayiş etdirirdi. Amma işğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu qoruyub saxlamağa çalışırdı. Eyni zamanda, münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi addımlar atmayıb, təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər.

H.Babaoğlu qeyd edib ki, belə olan halda sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı. Onun sözlərinə görə, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı böyük qələbə qazandı: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində böyük şücaət göstərərək bu qələbəni təmin etdilər. Döyüş meydanında qazanılan uğurlarımız Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında bəyanatı imzalasın. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdi. Xüsusilə qeyd etmək istəyirəm ki, bu dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində böyük üstünlük nümayiş etdirdi. Təbii ki, qazandığımız qələbədə bu amil müstəsna rol oynayır. Eyni zamanda, qələbəmiz “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” deyən beynəlxalq dairələrə bir cavab oldu. Artıq münaqişənin hərbi mərhələsi başa çatıb. Noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən  razılaşmaların həyata keçirilməsi davam edir”.

Daha sonra Hikmət Babaoğlu kurs iştirakçılarının suallarını cavablandırıb.

DİGƏR Xəbərlər Arxiv