YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ankarada Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında birgə layihələrin keçirilməsi ilə bağlı müzakirələr aparılıb

Ankarada Yeni Azərbaycan Partiyasının (YAP) Türkiyə üzə koordinatoru, Milli Məclisin deputatı Ramil Həsən ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin birinci müavini Numan Kurtulmuş arasında görüş keçirilib.

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər münasibətilə Müzəffər Ali Baş Komandanımız başda olmaqla, yenilməz Azərbaycan Ordusunu və xalqımızı səmimi qəlbdən təbrik edən AKP Sədrinin birinci müavini Numan Kurtulmuş Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət və verdiyi qətiyyətli qərarlar nəticəsində əldə olunan Qələbənin tarixi hadisə olduğunu diqqətə çatdırıb. Bildirib ki, iki qardaş ölkə arasında münasibətlərin dinamik inkişafı bütün bölgə üçün faydalı və əhəmiyyətlidir. Türkiyə bu Qələbənin qazanılmasını yüksək dəyərləndirir və öz sevinci kimi qarşılayır. Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafının qorunmasında və daha da genişlənməsində iki qardaş ölkənin hakim partiyalarının üzərinə çətin və şərəfli vəzifələr düşür.

Xoş sözlərə və qardaşlıq münasibətlərinə görə minnətdarlığını ifadə edən YAP-ın Türkiyə üzə koordinatoru Ramil Həsən işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində göstərilən mənəvi və siyasi dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, xalqımız Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün Türkiyə xalqını haqlı işində Azərbaycana açıq dəstək göstərməsindən qürur duyur və bu şərəfli qətiyyət ürəkləri fəth edib.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının geniştərkibli heyətlərinin qarşılıqlı səfərləri, eləcə də Qafqazın incisi hesab edilən Şuşa şəhərində həyat normala dönəndən sonra YAP və AKP-nin birgə beynəlxalq konfrans keçirmək təklifi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın qətiyyətli qərarları, siyasi məsləhətləşmələri, eləcə də qardaşlıq və dostluq münasibətləri bölgəmizdə sülh və inkişaf strategiyasının davam etdirilməsinin əsasını təşkil edir. İki qardaş hakim siyasi partiya səmərəli əməkdaşlıqla bu strategiyanın şaxələnməsinə öz töhfəsini verməlidir.