YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Paşazadə: Xalqımızın birliyi Vətən müharibəsində qələbənin təmin olunmasında mühüm rol oynadı

“Dövlətimiz son 30 il ərzində ərazi bütövlüyümüzün təmin olunması üçün diplomatik müstəvidə fəal iş aparmaqla paralel şəkildə, özünün Silahlı Qüvvələrinin möhkəmləndirilməsini də davamlı şəkildə diqqət mərkəzində saxlayıb. Hər il respublikamızın dövlət büdcəsindən Ordunun maddi-texniki təchizatını möhkəmlətmək, şəxsi heyətin döyüş hazırlığını artırmaq məqsədilə işğalçı Ermənistanın ümumi büdcəsindən çox həcmdə maliyyə vəsaitləri ayrılıb. Bu gün Ordumuzun arsenalında dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan döyüş texnikaları var. Təsadüfi deyildir ki, beynəlxalq reytinq agentlikləri yaydıqları hesabatlarda Azərbaycanın Silahlı Qüvvələrini dünyanın 50 ən güclü ordusu siyahısına daxil ediblər”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Cavanşir Paşazadə bildirib ki, ordu quruculuğu ilə bağlı digər bir mühüm məqam ondan ibarətdir ki, respublikamızda qısa müddətdə güclü müdafiə sənayesi qurulub. Hazırda Ordumuzun silah-sursatla təchizatının müəyyən hissəsi daxili istehsal hesabına qarşılanır. Prezident İlham Əliyev məhz Silahlı Qüvvələrimizin gücünə istinad edərək həmişə deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli var. Zaman göstərdi ki, Azərbaycan Prezidentinin yanaşmasının alternativi yoxdur. Ölkəmiz üç onillik ərzində davam edən münaqişənin həllinə məhz öz Ordusunun gücü ilə nail oldu. Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində düşmənə layiqli dərs verdi və onun hərbi birləşmələrini darmadağın etdi. Düşmən noyabrın 8-də Şuşada sarsıdıcı məğlubiyyətə uğradıqdan, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsində mövqelərini itirdikdən sonra dərk etdi ki, daha müharibəni davam etdirməyin heç bir mənası yoxdur və noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.
“Bütün ümummilli məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ probleminin həllinə münasibətdə də cəmiyyətimiz dövlətlə sıx həmrəylik göstərib, necə deyərlər, çəkici həmişə bir zindana vurub. Bu da ümumi qələbəmizi təmin edib. Vətən müharibəsində qələbə çalmaq, özünün ərazi bütövlüyünü təmin etmək Azərbaycanın haqqı idi və respublikamız buna nail oldu. Üç onillik ərzində Ermənistanın işğalçılıq siyasəti ucbatından yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın gündəliyində bir nömrəli məsələ kimi dayandı. Prezident İlham Əliyev müxtəlif beynəlxalq təşkilatların ali kürsülərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri özünəxas diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Vətən müharibəsinin davam etdiyi günlərdə xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, Ona qətiyyətli dəstək verməsi bütün dünyaya göstərdi ki, ölkənin ərazi bütövlüyünün təmin olunmasında Azərbaycan dövləti və cəmiyyəti israrlıdır və bu məsələdə hansısa bir fikir ayrılığından söhbət belə gedə bilməz. Vətən müharibəsinin elə ilk günlərindən respublikamızda fəaliyyət göstərən əksər partiyalar və vətəndaş təsisatları fərqli siyasi baxışlarını kənara qoyaraq Prezident, Ali Baş Komandan İlham Əliyevə dəstək verdiklərini bildirdilər. Bax, xalqımızın belə möhkəm birliyi Vətən müharibəsində qələbənin təmin olunmasında mühüm rol oynadı”,-deyə millət vəkili vurğulayıb.