YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mülki əhaliyə dəymiş ziyanın ödənilməsi Azərbaycan dövlətinin öz vətəndaşlarına yüksək qayğısının göstəricisidir

Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycanın inkişafının özünəməxsus xüsusiyyətləri var. Dövlət tərəfindən nümunəvi sosial siyasət həyata keçirilməsi bu mənada diqqətəlayiqdir. Əhalinin bütün təbəqələrinin dövlətin yüksək qayğısı ilə əhatə olunması isə bu siyasətin mühüm tərkib hissəsidir. Xüsusilə də, həssas qruplar, o cümlədən şəhid ailələri, müharibə veteranları, əlillər, qaçqın və məcburi köçkünlərə davamlı diqqət göstərilir.

44 günlük Vətən müharibəsi dövründə mülki əhaliyə, sahibkarlara, o cümlədən dövlət əmlakına və digər infrastrukturlara dəymiş ziyanın qarşılanması və problemlərinin həlli istiqamətində atılan addımlar da bu baxımdan böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam sözügedən məsələlərin həlli yönündə olduqca önəmlidir. Təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb. Növbəti mərhələdə isə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpa işləri, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması məqsədilə tədbirlər həyata keçiriləcək.

Təbii ki, Azərbaycan dövlətinin hər zaman və bütün şəraitdə öz vətəndaşlarının yanında olduğunu təsdiqləyən çoxsaylı nümunələr var. 2019-cu il fevralın 5-də və 6-da baş vermiş zəlzələlər Şamaxı, İsmayıllı və Ağsu rayonlarında çox sayda fərdi ev qəzalı vəziyyətə düşmüş, bir sıra sosial təyinatlı tikililərə və infrastruktur obyektlərinə ziyan dəymişdi. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən hər üç rayonda təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün intensiv şəkildə tikinti və təmir-bərpa işləri həyata keçirilib. Bundan başqa, vətəndaşların pandemiyanın mənfi təsirlərindən qorunması üçün onlara sosial-iqtisadi dəstək göstərilməsi də xüsusi qeyd edilməlidir. Yəni belə nümunələrin sayını istənilən qədər artırmaq olar. Bu, onun göstəricisidir ki, dövlət hər zaman öz vətəndaşlarına böyük diqqətlə yanaşır.   

Təsadüfi deyil ki, bu diqqəti yüksək dəyərləndirən Azərbaycan vətəndaşları davamlı dəstəyə, hərtərəfli qayğıya görə dövlətə, şəxsən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya xüsusi minnətdarlıq edirlər. Bu reallıqlar isə dövlət-vətəndaş, xalq-iqtidar birliyini və milli həmrəyliyi daha da gücləndirir, Azərbaycanın qüdrətli dövlət kimi inkişafına təkan verir.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü