YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: ATƏT-in Minsk qrupunun gələcək mandatı regionda söz sahibinə çevrilən Azərbaycandan asılıdır

30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycan öz gücü sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə nail oldu. Dağlıq Qarabağ münaqişəsini nizama salmaq missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu isə 28 il ərzində iki ölkə arasındakı münaqişənin həllində heç bir addım atmadı.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan hökuməti dəfələrlə işğalçı Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı ciddi etirazını ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında qaldırıb, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalına müvafiq olaraq 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını tələb edib. ATƏT-in Minsk qrupu bu illər ərzində təcavüzkar Ermənistanın bütün beynəlxalq norma və konvensiyalara zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində süni və qanunsuz məskunlaşma aparmasına reaksiya vermədi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nizama salmaq misiyasını yerinə yetirmək əvəzinə susqun müşahidəçiyə çevrildi. Minsk qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi.

Səbr kasası dolub daşan Azərbaycan münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli variantının olduğunu sübuta yetirdi, 44 günlük Vətən müharibəsi dövründə işğalçı Ermənistanı döyüş meydanında darmadağın edərək kapitulyasiya aktına imza atmağa məcbur etdi. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğalçılıq siyasətindən çəkindirsəydi bu faşist ideologiyasına köklənmiş ölkənin ərazi iddialarından irəli gələn tarixi ədalətsizliyə çoxdan son qoymuş olardı.

Ölkə Prezidentimiz İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən də qonaqların diqqətinə çatdırıb ki, Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər edib, Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olublar:” BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər”.

Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yarandığını etiraf edirlər. Onlar da yaxşı bilirlər ki, 44 günlük Vətən müharibəsinin nəticələri regionda tamamilə yeni reallığa - yalnız hərbi-siyasi baxımdan deyil, geosiyasi və iqtisadi kontekstdə təhlükəsizlik formatının yaradılmasına təkan verib. Artıq ATƏT-in Minsk Qrupu gələcək mandatının regionda söz sahibinə çevrilən Azərbaycandan asılı olduğu qəbul etməlidir.