YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Azərbaycan Zəfər Paradında hərbi gücü, qüdrəti ilə bağlı mesajını beynəlxalq aləmə çatdırdı

10 Dekabr 2020-ci il Azərbaycanın tarixdə ilk Zəfər Paradını qeyd etdiyi şanlı gün kimi tarixə yazıldı. Qələbə Paradı 2783 şəhidimizin, 100-dən çox itkin düşən hərbi qulluqçularımızın, yüzlərlə qazimizin, Ermənistanın faşizm siyasətinin qurbanlarının qisasının alındığının sübutu kimi əbədi olaraq yaddaşlarımıza həkk olundu.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı Qələbə, Zəfər Gününü bayram etdi. Həm də dünyanın diqqətinin Azərbaycanın üzərində olduğu bir vaxtda. Qalib Azərbaycanın sevinci sərhədlərə sığmadı. Çünki, Qarabağın ürəyi Şuşada dalğalanan üçrəngli bayrağımız qalibiyyət rəmzi kimi hərbi paradda göstərildi. Çünki 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi Azadlıq meydanında nümayiş etdirildi.

Ölkə Prezidentimiz İlham Əliyevin diplomatik çıxışlarında qeyd etdiyi bütün məqsədlərə çatdı, möhtəşəm Zəfərini qeyd etdi. Mavi göylərin ənginliklərinə şığıyan Azərbaycan şahinləri qələbə müjdəsini bütün dünyaya hayqırdı. Zəfər Paradı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, dövlətinin gücünün göstəricisi, xalqın çoxdan arzuladığı tarixi bir hadisənin təsdiqi oldu.

Zəfərimizə, Qələbəmizə hər zaman olduğu kimi Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycanın yanında olan qardaşı Türkiyə də sevinirdi. Sevincimizə sevinib, kədərimizə qəmlənən Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın rəmzi olaraq 2783 mehmetçik ilə Zəfər Paradında iştirakı, qardaş ölkənin 44 günlük Vətən Müharibəsində Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı. Qardaş ölkələrin igidləri yan-yana, çiyin-çiyinə qürurla möhtəşəm qələbə sədaları altında addımladılar. Bu həm də Türkiyə-Azərbaycan qardaşlığının dünyaya yeni bir təqdimatı oldu.

Prezidentimiz İlham Əliyevin Zəfər Paradında xüsusi ilə vurğuladı ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

“Dəmir yumruq” əməliyyatı - Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsi faşist ideologiyasından ruhlanan Ermənistanı məğlub etdi, işğalçılıq siyasətinə son qoydu. Vətənimizin azadlığı uğrunda müzəffər yürüşə çıxan, müqəddəs amal uğrunda “öldü var, döndü yox!” deyən qəhrəman oğullarımız işğal altında olan dədə-baba torpaqlarımızın üzərindən düşmənin nəfəsini kəsdi, yaralı yurdumuza məlhəm oldular. Bu gün Xocalının qisasının alındığı, günahsız insanlarımızın, körpələrimizin qanının yerdə qalmadığı üçün mənəvi dinclik hiss edirik. Bu mənəvi dincliyi bizə “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var” deyən Ali Baş Komandanımız, Qalib Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bəxş etdi. Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Azərbaycan Zəfər Paradında beynəlxalq aləmə hərbi gücü, qüdrəti ilə bağlı mesajını da çatdırdı.

DİGƏR Xəbərlər Arxiv