YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan ölkələrə rast gəlmək mümkün deyil

“Dekabrın 10-da keçirilən Zəfər paradı Qələbə sevincimizin tərkib hissəsinə çevrildi. Müzəffər Ordumuz Azadlıq meydanında qürurla addımladı. Azərbaycan əsgəri böyük ruh yüksəkliyi ilə bu paradda keçid etdi. Zəfər paradı tariximizə qızıl hərflərlə yazıldı. Qələbə paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin də nümayişi böyük qürurverici hadisə oldu. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu”. Bu fikirləri Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov  bildirib ki, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə etdi. Bu paradın Zəfər paradı olması ilə yanaşı, başqa bir spesifik xüsusiyyəti qardaş ölkənin, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yüksək çinli məmurların və iki mindən artıq türk ordu heyətinin olması oldu. Azadlıq meydanında keçirilən paradda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Bu isə Türkiyənin daim bizim yanımızda olmasının göstəricisidir. Bunun da bir siyasi və mənəvi mənası var.

“Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə, hər iki ölkə və millətimiz Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Ulu Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir”,-deyə akademik vurğulayıb.