YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirildi

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirildi. Videokonfransda iştirak edən YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, rayon partiya təşkilatının Rayon Şurası və İdarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarının rəhbər şəxsləri, partiya veteranları və fəal gənclər müasir müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, Ulu Öndərin fenomenal həyat yolu və zəngin dövlətçilik irsi, Azərbaycan xalqının əbədi yaddaşına qızıl hərflərlə həkk olunmuş misilsiz xilaskarlıq missiyaları, Azərbaycanın müstəqilliyinin qorunması və dönməzliyinin təminindəki əvəzsiz xidmətlərindən bəhs etdilər.

Videokonfransda çıxış edən YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə, həm Sovetlər dönəmində, həm də müstəqillik illərində Azərbaycan xalqının milli maraqlarına xidmət edən dövlətçilik fəaliyyəti, müasir müstəqil Azərbaycanın quruculuğu üçün ən taleyüklü məqamlarda böyük fədakarlıq və məharətlə yerinə yetirdiyi xilaskarlıq missiyaları və dünyaşöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyevin sözün əsl mənasında cahanşümul siyasətinin başlıca aspektləri haqqında geniş danışdı. Qeyd olundu ki, 44 günlük İkinci Qarabağ, Vətən müharibəsində Azərbaycanın parlaq hərbi və diplomatik qələbəsinin, Azərbaycan xalqının bugünkü möhtəşəm, şanlı, tarixi zəfərinin bünövrələri məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə formalaşdırılıb. 1990-cı illərin əvvəllərində Moskvadan Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri kimi o dövr üçün son dərəcə cəsarətli qərarlar qəbul edib. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırılıb və məhz üçrəngli Azərbaycan bayrağı meydan hərəkatında Azərbaycan xalqının dirçəlişinin, milli oyanışının, müstəqilliyinin rəmzinə çevrilib. Müasir müstəqil Azərbaycanın və Azərbaycan xalqının bugünkü möhtəşəm zəfərlərinin əsası isə məhz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində təsis olunması ilə başlayıb. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Ulu Öndər dağılmaq, parçalanmaq ərəfəsində olan Azərbaycanın müstəqilliyini qorumağa, dərin siyasi-iqtisadi-sosial-humanitar böhran şəraitində olan ölkəni tənəzzüldən inkişaf, tərəqqi yoluna çıxartmağa və cəmiyyət həyatının istisnasız bütün sahələrində əsaslı, sistemli struktur islahatlarının icrası nəticəsində Azərbaycanda tamamilə yeni iqtisadiyyat, sənaye, ordu quruculuğuna nail oldu və müasir Azərbaycanın fundamental təməlləri formalaşdırıldı. Ş.Hacıyev xüsusi vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin olunması üçün Azərbaycan xalqı qarşısındakı ən böyük xilaskarlıq missiyası məhz sağlığında öz layiqli siyasi davamçısını müəyyənləşdirməsi oldu. Tarix və zaman Heydər Əliyevin bu qərarının da nə dərəcədə doğru olduğuna şahidlik etdi. Dahi Heydər Əliyev məktəbinin yetirməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə əldə olunan möhtəşəm siyasi, iqtisadi, diplomatik uğurlar, Azərbaycanın ildən-ilə yüksələn müsbət beynəlxalq nüfuzu, hərbi qüdrəti 44 günlük şanlı zəfər hərəkatı nəticəsində ən ağrılı və yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həll olunması və cəmiyyətimizdə uzun müddətdir mövcud olan sarsılmaz Xalq-İqtidar-Ordu birliyinin, həmrəyliyinin inamlı, parlaq zəfəri, əzəli düşmənlərimiz üzərində tarixi qələbəmiz və işğal altındakı torpaqlarımızın mənfur düşmən tapdağından azad olunması ilə nəticələndi. Ş.Hacıyev bildirdi ki, “Xalqımızın, Müzəffər Ali Baş Komandanımızın, rəşadətli Ordumuzun bu tarixi Qarabağ Zəfəri sözsüz ki, Ulu Öndər Heydər Əliyev əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin və Xalq-İqtidar-Ordu birliyinin təcəssüm etdiyi “dəmir yumruğ”un təntənəsidir. Əminik ki, bu qəhrəmanlıq və şanlı qələbə salnaməsinin ilk təməllərini formalaşdıran, Azərbaycan xalqı üçün müxtəlif tarixi dövrlərdə mümkün olan, hətta mümkünsüz görünən, lakin siyasi dühanın bənzərsiz fədakarlığı ilə reallaşan hər şeyi edən Ümummilli Lider Heydər Əliyevin ruhu bu gün şaddır. Çünki canından çox sevdiyi Azərbaycanın ərazi bütövlüyü, dövlət sərhədləri uzun illərin həsrətindən sonra bərpa olundu. Doğma Qarabağ artıq aid olduğu Ana Vətəninə qovuşdu və bu möhtəşəm nəticələr məhz döyüş meydanında, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusunun, Azərbaycan əsgər-zabitinin dillərə dastan olan misilsiz qəhrəmanlığı nəticəsində əldə olundu. Düşmən rəzil-rüsvay vəziyyətdə təslim olmağa məcbur oldu və Azərbaycan xalqının cəlladlarından şəhidlərimizin, faciə qurbanlarının qisası alındı. Azərbaycan Ordusu bütün erməni miflərini, yalanlarını ifşa etdi, düşməni döyüş meydanında darmadağın etdi, BMT-nin 4 qətnaməsini özü, təkbaşına icra etdi. Azərbaycan xalqının bu tarixi hərbi-diplomatik qələbəsi hələ uzun illər təhlil olunacaq və dərk olunacaqdır. Azərbaycan bütün dünya üçün son dərəcə mürəkkəb il olan 2020-ci ildə üç cəbhədə mübarizə apardı: döyüş meydanında və beynəlxalq informasiya mübarizəsində qətiyyətli qələbə qazandı. Gözə görünməz düşmən olan COVID-19 koronavirus pandemiyası ilə mübarizəmiz isə hələ də davam edir. Biz müzəffər Ali Baş Komandanımızla fəxr edirik. Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev güclü, qüdrətli Azərbaycanın tamamilə yeni, şərəfli, möhtəşəm tarixini yaradır. Yeni Azərbaycan Partiyasının hər bir üzvü Liderimizin müsəlləh əsgəridir, bütün xalqımız Prezidentimizin ətrafında yumruq kimi birləşib və Xalq-İqtidar-Ordu birliyinin təcəssümü olan bu “Dəmir Yumruq” ildən-ilə daha da möhkəmlənəcək, əbədi olacaqdır. Allah Ulu Öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Nə qədər Azərbaycan, Azərbaycan xalqı var, Heydər Əliyevin ideyaları və siyasəti yaşayacaqdır.”

Videokonfransda  YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov, İdarə Heyətinin üzvləri Adilə Abasova, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev, Qadınlar Şurasının sədri Təranə Kərimova, Gənclər Birliyinin sədri Riyad Rüstəmli və YAP üzvü Günel Hacıyeva çıxış edərək Ulu Öndər Heydərin tarixi xidmətlərindən, zəngin dövlətçilik irsindən bəhs etdilər. Natiqlər Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqını, Ordumuzu möhtəşəm qələbə münasibətilə təbrik etdilər, Şəhidlərimizin əziz, əbədiyaşar xatirələrini ehtiramla yad etdilər və qazilərimizə şəfalar dilədilər.