YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niderlandda Ulu Öndərin xatirəsi yad olunub

Dekabrın 11-də Azərbaycanın Niderland Krallığındakı Səfirliyində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi təşkil olunub. Ölkədəki COVID-19 qaydalarına uyğun olaraq, tədbir məhdud şəkildə keçirilib. Anım mərasimində Azərbaycan icmasının nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri və fəalları, tələbələr, gənclər iştirak etmişlər.

Səfirlikdən bildirilib ki, tədbir zamanı ilk öncə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra səfir Fikrət Axundov çıxış edərək Ulu Öndərin Azərbaycanın ictimai və siyasi tarixindəki rolu barədə məlumat verib. Səfir 1969-1982-ci illərdə Ulu Öndərin Azərbaycanın rəhbəri olduğu müddətdə, eləcə də 1993-cü ildə hakimiyyətə yenidən gəldikdən sonra gördüyü quruculuq işləri barədə ətraflı danışıb. O, Heydər Əliyevin 1970-ci illərdə hər il iki min nəfərə qədər gənci müxtəlif ali təhsil ixtisaslarına yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərdiyini, müxtəlif maneələrə baxmayaraq, həmin dövrdə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olduğunu, 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunduğunu, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qayıtdığını və ölkəni məhv olmaq təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb. Səfir məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısının alındığını, ictimai siyasi sabitliyin yarandığını, xarici dövlətlərlə qarşılıqlı maraqlara uyğun münasibətlərinin qurulduğunu və ölkənin xarici siyasətinin Azərbaycanın milli maraqlarına uyğun şəkildə aparıldığını, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlara üzv olduğunu, uğurlu neft strategiyasının həyata keçirildiyini və “Əsrin müqaviləsi”nin bağlandığını bildirib.

F.Axundov Birinci Qarabağ müharibəsinin Azərbaycan üçün əlverişli şərtlərə uyğun dayandırılması, atəşkəsin əldə edilməsi, Azərbaycan Ordusunun yaradılması, 1 milyona yaxın qaçqın probleminə malik Azərbaycanın iqtisadi və sosial cəhətdən dirçəldilməsi, işğal olunmuş ərazilər ilə bağlı Ermənistanla danışıqlarının başlanmasında Heydər Əliyevin misilsiz rolu olduğunu qeyd edib. Diplomat 2020-ci ilin Azərbaycanın tarixində əlamətdar hadisə olduğunu, Azərbaycanın işğal altındakı ərazilərinin azad edildiyini, 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərqərar olduğunu və bununla da Heydər Əliyevin vəsiyyətinin Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə yerinə yetirildiyini vurğulayıb. O, əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycanın daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb.