YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Heydər Əliyevin arzu etdiyi qələbə sevincini xalqa bəxş etmiş oldu

“Dekabrın 12-də Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür. Artıq 17-ci ildir ki, xalqımız Ulu Öndərimizin anım gününü qeyd edir, Onun əziz xatirəsi dərin ehtiramla yad olunur”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin  müavini-İcra katibi Əli Əhmədov YAP İcra Katibliyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev-müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda keçirilən videokonfransda deyib.

Əli Əhmədov bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu il anım günü tarixi dövrə təsadüf edir. Dekabrın 10-da möhtəşəm qələbəyə həsr olunmuş zəfər paradı keçirildi. Torpaqlarımızın, Qarabağın  işğaldan azad olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi.

“O, Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük çabalar göstərmişdi. Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərdi. 1996-cı ildə ATƏT-in Lissabon Sammitində bu istiqamətdə ilk diplomatik uğur qazanıldı. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətələrini çatdırırdı. Diplomatik fəaliyyətlə yanaşı güclü ordu quruculuğuna xüsusi diqqət yetirildi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident  İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Heydər Əliyevin arzu etdiyi qələbə sevincini xalqa bəxş etmiş oldu. Bu zəfərin əldə olunmasının həlledici amili Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olub. Hərbi, diplomatik və informasiya müstəvisində müharibənin zəfərlə başa çatması istqamətində görülən bütün işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. Bu da möhtəşəm qələbəmiz ilə nəticələndi”,-deyə YAP Sədrinin müavini vurğulayıb.