YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin bərpasında gənclərin rolu” mövzusunda videokonfrans keçirilib

Dekabrın 8-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin bərpasında gənclərin rolu” mövzusunda videokonfrans keçirilib.

Videokonfransın moderatoru, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi   Hüseyn Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin tarixində yeni bir dövrün başlanğıcıdır. Bu Qələbə yeni geosiyasi, iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də mühüm tarixi proseslərin əsasını qoyur.

Onun sözlərinə görə, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Artıq dövlətimizin bu istiqamətdə fəaliyyətə başladığını deyən H.Hüseynov qeyd edib ki, prosesdə Azərbaycan gəncliyi də fəal iştirak etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbirdə çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsini tarixi hadisə kimi səciyyələndirib. Onun sözlərinə görə, növbəti mərhələlərdə insanların doğma yurdlarına qayıtması prosesi başlayacaq. Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıtması Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Bu rayonların zəngin təbii sərvətləri, yaradılacaq yeni iqtisadi infrastruktur, yeni kommunikasiya xətləri nəinki o ərazilərdə yaşayan insanların, eləcə də bütün ölkə əhalisinin sosial rifahına öz müsbət təsirini göstərəcək.

Çıxış edən Gənclər və İdman nazirinin müavini  İntiqam Babayev isə bildirib ki, Azərbaycan gəncliyi bütün platformalarda ölkəmizi layiqincə təmsil edir. Onun fikrincə, gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi olaraq işğaldan azad edilmiş ərazilərimizin bərpasında da fəal iştirak edəcəklər.   

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini  Vüqar Kərimov çıxışında qeyd edib ki, hazırda işğaldan azad olunmuş torpaqlarımızda müəyyən ekoloji layihələr həyata keçirilir. İşğalçı Ermənistanın həmin ərazilərimizin flora və faunasına ciddi ziyan vurduğunu deyən nazir müavini söyləyib ki, ərazilərin bərpası yönündə sistemli tədbirlər davam etdiriləcək. O, yaşıllaşdırma işlərində gənclərin yaxından iştirak etdiyini diqqətə çatdırıb.  

Videokonfransda Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini icra edən  Sübhi Kazımov da çıxış edərək qarşıda duran vəzifələrdən danışıb və bu vəzifələrin həyata keçirilməsində gənclərin iştirakının əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edək ki, tədbirdə bütün çıxışlar zamanı Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ərzində qazandığı möhtəşəm qələbə xüsusi vurğulanıb, qələbənin əldə edilməsində gənclərimizin rolu qeyd edilib.

Sonda videokonfrans iştirakçılarının sualları cavablandırılıb.