YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransua Olland: Azərbaycan dünyanın ən müasir, inkişaf etmiş ölkəsi kimi öz əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün böyük səy göstərir

Fransa və Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində də əməkdaşlıq edir. Bunu Bakıda Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında çıxışında deyib.

Fransa Prezidenti bildirib ki, Şərq Tərəfdaşlığının əsas məqsədi ölkələr arasındakı mübadiləni və sərmayə qoyuluşlarını daha da inkişaf etdirmək, stabilliyin bərqərar olunmasında və qorunmasında öz töhfəsini verməkdir: "Azərbaycan Fransanın ən böyük tərəfdaşlarından biridir. Fransa da Azərbaycanın xüsusilə enerji sahəsində ən böyük tərəfdaşıdır. Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində səylərimiz üst-üstə düşür. Mən çalışacağam ki, bizim əsas avropalı tərəfdaşlarımız da qarşıdan gələn illər ərzində enerji təchizatının diversifikasiyasında öz töhfələrini versinlər".

Fransua Olland qeyd edib ki, Fransanın bir çox neft və qaz şirkətləri növbəti illər ərzində Azərbaycanın neft-qaz layihələrinə qoşulmaq və birgə fəaliyyət göstərmək istəyirlər: "Biz cənab Əliyevlə birlikdə enerji layihələrindən danışdıq, müzakirələr apardıq ki, bizim müəssisələrimizə daha yaxşı imkanlar yaradılsın ki, onlar getdikcə öz fəaliyyətlərini daha da təkmilləşdirsinlər. Bu sahələrdən biri də Azərbaycanda urbanizasiya sahələrinin inkişaf etdirilməsi, tullantıların utilizasiyası, ərzaq, kənd təsərrüfatı, nəqliyyat sahələridir ki, siz artıq sazişlər imzalandığının şahidi oldunuz".

Fransa Prezidenti bildirib ki, Azərbaycan dünyanın ən müasir, inkişaf etmiş ölkəsi kimi öz əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün böyük səy göstərir: "Bu sahədə fransız şirkətləri öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır"./Trend/

Fransua Olland əlavə edib ki, azərbaycanlı həmkarı ilə mədəni və təhsil sahəsində əməkdaşlıq məsələləri üzrə də danışıqlar aparıb: "Hətta mənim səfərim Bakı Fransa liseyinin açılışı ilə başlandı. Bu, xüsusi bir lisey olacaq ki, öz övladları ilə Bakıya gəlmiş fransız ailələrin uşaqlarını, eyni zamanda azərbaycanlı şagirdləri qəbul edəcək. Onlar fransızdilli şagirdlər olacaqlar və gələcəkdə onlar yəqin ki, Fransaya gəlib öz təhsillərini davam etdirəcəklər".

Fransa Prezidenti ölkəsinin Azərbaycanın ev sahibliyi edəcəyi böyük beynəlxalq tədbirlərin təşkilində əməkdaşlıq etməyə hazır olduğunu da vurğulayıb: "Bu, ilk növbədə 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarıdır. Digər böyük tədbirlər var ki, Azərbaycan onlara ev sahibliyi edəcək. Bakı şəhərində "Formula-1" yarışları da olacaq. Biz bu barədə eşitmişik, bilirik. Biz bu tədbirlərin həyata keçirilməsində sizinlə əməkdaşlıq etməyə hazırıq".

Fransua Olland Fransa əyalətlərinin Azərbaycanın bölgələrinin inkişafına öz töhfələrini verməsinə çalışacaqlarını qeyd edib.

Fransa Prezidenti ümumiyyətlə, ölkəsinin Azərbaycanla əlaqələrin uzunmüddətli inkişafında maraqlı olduğunu bəyan edib: "Həqiqətən də məqsədimiz budur ki, biz uzunmüddətli əlaqələri daha çox inkişaf etdirək və uzunmüddətli sərmayələri tətbiq edək. Biz Qafqazın, eyni zamanda, Azərbaycanın Avropa ilə, Fransa ilə münasibətlərinin inkişaf etdirilməsində çox maraqlıyıq".