YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

90-cı illərin əvvəlində “kollektiv Paşinyanların” fəaliyyətsizlikləri ucbatından torpaqlarımızı itirdik

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Hər şey planlı şəkildə davam edir. Bəyanatın bəndləri üzrə bütün hadisələr öz axarında inkişaf tendensiyasına uyğun həyata keçirilir. Ağdamın ardından Ermənistan silahlı qüvvələri Kəlbəcəri təhvil verdilər. 27 illik həsrətdən sonra Azərbaycan Respublikası və Azərbaycan xalqı öz tarixi və hüquqi torpaqlarına de-fakto sahib oldu. Bu, böyük bir tarixin başlanğıcı, yeni dövr Qarabağın intibahının ayaq səsləridir. Kəlbəcərin işğaldan azad olunması həm də bir şəhid vermədən cənab Prezident İlham Əliyevin müdrik hərbi-siyasi qabiliyyətidir. Ağdamda olarkən cənab Prezident işğaldan azad olunma barədə planın hazır olduğunu demişdir. Əminəm ki, bu plandan hər rayonumuz, hər şəhərimiz və hər kəndimiz üçün də var idi. Lakin torpaqlarımızın işğaldan bir güllə belə atılmadan azad olunması böyük diplomatiya zəfəridir. Əlbəttə, bunun ən böyük səbəbkarları canlarını bu torpağa qurban verən şəhidlərimizdir. Bunu dəfələrlə cənab Prezident öz çıxışlarında vurğulamışdır.

Kəlbəcər rayonu Azərbaycan Respublikasının ən böyük inzibati vahididir. Ərazisində geniş meşə zolağı, qızıl və digər əlvan metallurgiya mədənləri, müalicəvi əhəmiyyətli sular olan Kəlbəcər eyni zamanda da Ermənistanla keçmiş Dağlıq Qarabağ vilayəti arasında yolların üzərində yerləşir. Ətraf yeddi rayon arasında ən çox qanunsuz məskunlaşma da məhz Kəlbəcərdə həyata keçirilmişdi. Elə bu səbəbdən oranın boşaldılması bir neçə gün verilmiş vaxtdan gecikdi. Kəlbəcərin boşaldılması zamanı erməni xalqı öz xislətini dünyaya nümayiş etdirdi. Bir daha bütün dünya anladı ki, əslində bütün hadisələrin kökündə elə ermənilərin xəstə xislətləri dayanmışdı. Bu gün dünyada informasiya texnologiyaları çox inkişaf edib. İndi heç nəyi gizlətmək mümkün deyil. Beynəlxalq jurnalistlərin çəkdiyi kadrlardan açıq görünür ki, ermənilər Kəlbəcərdən çıxarkən oranı dağıdır, yandırır və əllərinə keçən hər şeyi talayıb aparırlar. Cənab Prezident onlara bir çox ayamalar yaraşdırmışdı. Sonuncu dəfə xalqa müraciətində onları oğrular adlandırması hesab edirəm ki, vəziyyəti tam izah edə bilmişdir. Hətta Kəlbəcərdən apara bilmədikləri ev heyvanlarını öldürüb Kəlbəcərin yollarına, küçələrinə atan da elə bu xislətin daşıyıcılarıdır. Məncə artıq dünya hər şeyi görür.

Düşmən maddi-mənəvi dəyərlərlə yanaşı ekoloji fəlakətə də regionda səbəb olmuşdur. Suqovuşanın azad olunmasına qədər baş verən fəlakətlərdən bəhs edən cənab Prezident dedi: “istəyirəm ki, bütün dünya bilsin ki, biz necə bir düşmənlə qarşı-qarşıya dayanmışıq”. Yayda suyu kəsib, qışda suyu açan düşmən 100 hektarlarla ərazidə torpaqlarda ciddi şoranlaşmaya səbəb olurdu. İndi isə biz artıq bu kimi problemləri həll etmişik. Hətta Şuşanı tərk edərkən su torbaları və ümumiyyətlə xəttlərini sıradan çıxartmışdırlar. İndi düşünürlər ki, biz o əraziləri sussuz qoyacağıq. Lakin yanılırlar. Biz cənab Prezidentin də qeyd etdiyi kimi dağlara, zirvələrə su, işıq, qaz və hətta internet xətləri çəkmişik. Mən düşməni çox da qınaya bilmirəm, otuz illik işğalla özlərini sözün bütün mənalarında müasir dünya inkişafından kənarda qoyublar. İşləri ancaq dağıtmaqdır. Biz isə yaradıcılarıq. Qarabağı başdan yaradacağıq.

Əlbəttə, hər rayon azad edildikdən və təhvil alındıqdan sonra orada monitorinqlər aparılacaq. Özü də bu monitorinqlər beynəlxalq qurumlarla ortaq həyata keçiriləcək. Tam şəffaf mədəni, maddi və mənəvi xəsarətin miqyası aydınlaşdırılacaq və əlbəttə, təzminat məsələsi mütləq qaldırılacaqdır. Milyardlarla dollar yəqin ki, müharibədə beli qırılmış Ermənistanı daha da çətin  vəziyyətə salacaq. Artıq erməni cəmiyyətində bundan narahat olan qüvvələr vardır. Qarabağda baş verənlərə görə Ermənistanda siravi və bəlkə də bu hadisələrdən xəbərsiz adamlar illərlə təzminat ödəyəcəklərini bilirlər. İllərdir Köçəryan və Sarkisyanın əlində kukla olan erməni xalqına isə sonda ən böyük zərbə Paşinyan tərəfindən vuruldu. Paşinyanın məcburiyyətdən imza atdığı bəyanat əslində Azərbaycan torpaqlarında işğal faktının de-yure etirafıdır. Biz bu sənədlə digər dəymiş zərərləri birləşdirə və hüquqi müstəvidə məntiqli mübarizəyə başlaya bilərik. Əlimizdə ciddi faktlar və sənədlər toplusu vardır.

Bəyanatın bəndlərinə əməl olunduqca və Azərbaycan əraziləri işğaldan azad olunduqca, rus sülhməramlıları və daha sonra türk sülhməramlıları bölgəyə gəldikcə sanki, bəzi qüvvələri bu narahat edir. Xüsusi ilə regionda türk-rus əməkdaşlığından narahat olan qüvvələr vaxtı ilə ATƏT-in Minsk qrupu tərkibində həyata keçirmədikləri addımları güya bu gün etmək istəyirlər. Əlbəttə, nə xalqımız, nə də dövlət başçımız bu saxta “canıyananlığa” inanmır. İndi Qarabağda hadisələrə müdaxilə edə bilməyənlər Qarabağda olan kilsələrin “qayğısına qalmağa” başlayıblar. Bu adamlar ya tarixdən xəbərsizdirlər, ya da onu təhrif etmək onların məqsədlərinə uyğundur. Cənab Prezident sonuncu dəfə xalqa müraciətində bu məqama diqqət çəkdi. Alban kilsələrinin 1830-cu illərdə rus çarı tərəfindən ləğv olunması və bütün mülkiyyətinin erməni Qriqoryan kilsəsinə verilməsi bu kilsələrin erməni kilsəsi olması demək deyil. İndi bundan dırnaq arasında narahatlıq keçirənlər bilməlidirlər ki, biz Ermənistan deyilik. Bakı və bütün Azərbaycanda hər üç səmavi dinin nümayəndələri azad və firəvan yaşayırlar. Özü də Azərbaycan ərazilərində yerləşən bütün tarixi abidələr bizim milli sərvətimizdir. Biz vətənimizdə dini, milli zəmində heç bir münaqişə yaratmağa tarixin heç bir dövründə can atmamışıq. Biz etnik və dini mübarizələrdən və terrordan əziyyət çəkən xalqıq.

Azərbaycana qarşı, ümumiyyətlə regionda sülhün bərqərar olunmasına qarşı ciddi təhdidlər var. İllərdir məscidlərimizdə donuz saxlayanlar, onların təhqir olunmasına və dağıdılmasına səbəb olanlar heç vaxt ittiham olunmadığı halda çoxmillətli və çoxkonfensiyalı, tolerant dövlət olan Azərbaycan həmişə lazımsız ittihamlarla qarşılaşır. Bu da anlaşılandır. Regionda onlar müsəlman əhalinin üstünlük təşkil etdiyi bir dövlətin müasir inkişafına dözümsüz yanaşırlar. Avropada özlərini dünya demokratiyasının dırnaqarası qoruyucuları hesab edənlər, özləri əslində milli, dini zəmində münaqişələrə şərait yaradırlar. Bunlar indiki müasir dünyada artıq mümkün deyildir.

Bu gün biz öz torpaqlarımızı işğaldan azad edirik. Bu gün biz 30 illik həsrətə son qoyuruq. Lakin heç kim torpaqların işğalına səbəb olanları unutmamalıdır. Torpaqlarımız xarici ünsürlərlə yanaşı daxili mənfurlar hesabına da işğal olunmuşdur. Cənab Prezident səriştəsiz siyasətçilərin, azad iqtisadiyyatı inkişaf etdirməli olan komsomolların, onları var edən liderinə xəyanət etmişlərin ümumi bir adı olduğunu çox yerində vurğuladı. Bir zamanlar torpaqlarımızın işğalında əsas səbəbkarlar “kollektiv Paşinyanlar” idi. Bu gün Ermənistanda məğlub dövlətin məğlub siyasətçiləri başlarını itiriblər. 90-cı illərin əvvəlində “kollektiv Paşinyanların” fəaliyyətsizlikləri ucbatından  torpaqlarımızı itirdik. Çox təəssüf ki, həmin adamları dəfələrlə siyasət səhnəsindən bu xalq rədd etsə də üzlərinə üz taxıb, hələ də danışmağa söz tapırlar.

Xalqımız İkinci Qarabağ müharibəsində və Vətən müharibəsində birmənalı olaraq dövlət başçımızı dəstəkləyir. Bu gün elə bir adam tapmaq çətindir ki, onun xalqa müraciətini, yaxud hansısa şəhərdə bayraq qaldırmasını həyacanla gözləməsin. Bu gün on milyonluq Azərbaycan tək ürək, tək nəfəsdə birləşə bilib. Lakin təəssüflə bildirməliyəm ki, içimizdə hələ də qərbin yalançı demokratiya instutlarının maliyyəsi hesabına yaşayanlar var. Onlar Vətən müharibəsindən sonra əllərində olan çox cüzi sayda sosial bazanı da itirdilər. Nəticədə gündəmdən düşdülər. Siyasi gələcəkləri olmayan bu adamlar indi ümumiyyətlə nə işlə məşğul olsunlar, özləri də bilmirlər. İndiki məqamda onlar lazımsız yanaşmalarla xalqın və ordunun zəfərini pərdələmək üçün öz uğursuz keçmişlərini unudaraq cəmiyyətimizdə çaşqınlıq yaratmağa cəhd edirlər.

Kəlbəcərin işğaldan azad olunması bütün mənfurların cəhdlərinə rəğmən Azərbaycan xalqın vahidliyini, birliyini və möhkəmliyini özündə ehtiva edir.

Yaşasın Azərbaycan ordusu! Yaşasın Ali Baş Komandan!

 

 

DİGƏR Xəbərlər Arxiv