YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Kəbədə Qarabağın azadlığı üçün dua edən, Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə hədiyyə edən Prezident və xanımı tarixi-mənəvi nümunə təqdim etdilər

“Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın işğaldan azad olunmuş Ağdam rayonuna səfəri çərçivəsində Ağdam məscidini ziyarət etməsi bir sıra məqamlar baxımından mənəvi və siyasi mesaj oldu. Birincisi, Ermənistan Qarabağda mövcud olan 67 məsciddən 63-ünü tamamilə yerlə-yeksan edib. Məhz Ağdam məscidi dağıdılmamış və beynəlxalq təzyiq hesabına sadəcə divarları da olsa, salamat qalmış 4 məsciddən biridir. İkincisi, Ağdam məscidi 1992-ci ildə Xocalı soyqırımında sağ qalan xocalılıların ümid, pənah yerinə çevrilən məkan idi. Üçüncüsü, Ağdam məscidini ziyarət zamanı yaşanmış tarixi anlar dini-mədəni dəyərlərimizə sahibliyimizi bir daha isbatladı. Dördüncüsü, məscidlərimizdə donuz saxlayan, müqəddəs dini ocaqlarımızı təhqir edən Ermənistanın barbarlıq və vandalizm əməllərinə baxmayaraq, bu ölkə ilə isti münasibətlər qurmaq istəyən müsəlman ölkələrinə ermənilərin əsil simasını, xislətini nümayiş etdirdi. Beşincisi, bütün dünya əyani şəkildə gördü ki, Ermənistan İslam dini abidələrinə hücum etməklə barbarlığı, vandalizmi milli ideologiyaya çevirib”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Kəbədə Qarabağın azadlığı üçün dua edən, Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə hədiyyə edən, erməni vandalizminin şahidi olmuş məsciddə ayaqyalın gəzən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tarixi-mənəvi nümunə təqdim etdilər: “Cənab İlham Əliyev 4 dəfə Məkkədə ümrə ziyarətində olub. Məhz Ağdam məscidi qarşısında çıxış edərkən etiraf etdi ki, Məkkədə ümrə ziyarətində olarkən, Kəbədə namaz qılarkən birinci duası torpaqlarımızın işğaldan azad edilməsi olub. Ali Baş Komandan xoşbəxt insan kimi etiraf edir ki, Allah ona istədiyi gücü verib və xalqla birlikdə 30 ilə yaxındır işğal altında olan tarixi torpaqlarımızı azad edib”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, dini-mənəvi dəyərlərə yüksək diqqətlə yanaşan bir Prezidentin dövlət başçısı olduğu multikultural Azərbaycana indi də iftira atırlar ki, guya işğaldan azad olunan ərazilərdəki kilsələr, xristian dininə məxsus abidələr təhlükə altındadır: “Çox maraqlıdır ki, Azərbaycanı qondarma məsələlərdə ittiham edənlər nədənsə, Ermənistanın İslam dini abidələrini, məscidləri təhqir edərkən, dağıdarkən, talan edərkən səsləri çıxmırdı? Yaxud da, Azərbaycana iftira atanlar məgər bilmirlərmi ki, Azərbaycan Prezidentinin, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vatikanda yerləşən Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi, Vatikanda yerləşən Müqəddəs Sebastian katakombaları, Müqəddəs Marçellinio və Pietro katakombaları, Bakıdakı Pravoslav kilsəsi, Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi, “Cotari” Alban-udi kilsəsi əsaslı şəkildə bərpa edilib? Görmürlərmi ki, Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi Azərbaycan Resbuplikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ucaldılıb? Eşitməyiblərmi ki, Heydər Əliyev Fondu Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edib? Axı bütün dünya bilir ki, Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa edilib. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilib. Bu cür faktlar ortada olarkən Azərbaycanı hansı məntiqlə şərləmək olar? Çox maraqlıdır ki, Azərbaycanın xristian abidələrinin bərpasına verdiyi töhfələr məhz bu gün ölkəmizi absurd iddia ilə ittiham edən siyasətçilərin və ictimai xadimlərin dövlətlərinə aiddir. Həm də çox ilgincdir ki, onlar Rusiya Pravoslav Kilsəsinin patriarxı Kirilin, Roma Papası Fransiskin Bakıda olarkən Azərbaycanı tolerantlıq, multikulturalizm məkanı kimi dəyərləndirmələrini də eşitməyiblərmi? Ümumən, təhlillər onu göstərir ki, bu gün erməni lobbisinin təsirində olan bəzi siyasətçilər və ictimai xadimlər əslində xristian abidələrinin taleyi ilə maraqlanmırlar. Onlar sadəcə Ermənistanın tarixi məğlubiyyətini həzm edə bilmirlər və bu səbəbdən də qisas məqsədilə şər, böhtan atırlar. Yaxşı olar ki, həmin qruplar Ermənistanın Azərbaycana qarşı törətdiyi mədəni, ekoloji terroruna, qətliamlarına, soyqırımılarına diqqət etsinlər, həqiqəti görsünlər”.