YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir

“Qarabağın tacı olan Şuşa şəhərinə Füzuli istiqamətindən yeni yolun təməlinin qoyulması əlamətdar hadisədir. Cənab Prezident İlham Əliyevin bu yolun təməlqoymasında iştirak etməsi bir sübutdur ki, Qarabağ Azərbaycandır. Təbii ki, buna heç kəsin şübhəsi yoxdur, lakin mənfur Ermənistan hələdə bizim qələbəmizi qəbul edə bilmir. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir. Biz daim sürətlə inkişafa doğru gedirik. Azərbaycanın quruculuq işləri daim göz önündədir. Bu qısa müddət ərzində yol çəkilməsi çox möhtəşəm bir hadisədir.

“Şuşanın işğaldan azad edilməsi hər kəs üçün həddən ziyadə qürur verici bir hadisə oldu. Bu möhtəşəm qələbədir. Şuşanın azad edilməsi ilə düşmən belə çox sarsıdıcı zərbə aldı. Onlar bu hadisəni belə asanlıqla gözləmirdilər. Ermənistanın kapitulyasiya qərarı da Şuşanın azad olunmasından sonra verildi. Çünki Paşinyan artıq görürdü ki, bizim qarşımızda dayanmağa gücləri qalmayıb. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi dövlətdir. Azərbaycanda bütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Prezidentimiz hər çıxışında dəfələrlə vurğulayıb ki, biz müharibə tərəfdarı deyilik. Dinc yaşamaq üçün bizə heç nə mane olmur. Qarabağ erməniləri də canlarını xunta rejimindən azad olmuş şəkildə firavan yaşaya biləcək. Budur bizim xalqımıza yaraşan böyüklük. Biz daim inkişafa doğru getməliyik. Azad olunmuş ərazilərə həyat qaytarılmalıdır. Yeni yaşayış binaları, məktəblər, tibb ocaqları və s. tikiləcək, bütün infrastruktur yaradılacaq. Bizim şücaətimizlə Qarabağ dirçələcək və çiçəklənəcəkdir. Biz buna əminik”-deyə, deputat qeyd edib.