YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Son on il ərzində biz bütün istiqamətlər üzrə böyük uğurlara imza atdıq

“Son on il ərzində biz bütün istiqamətlər üzrə böyük uğurlara imza atdıq. Biz beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi özümüzü təsdiq etdik. Beynəlxalq ictimaiyyət bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti öz səsini Azərbaycana vermişdir. BMT Təhlükəsizlik Şurasına seçildikdə 155 ölkə bizə inandı, bizi dəstəklədi. Əminəm ki, öz seçimində haqlı olduğunu gözəl anlayır və bizim namizədliyimizə öz səsini verdiyinə görə peşman olmadı. 

İqtisadi sahədə son on ildə dünya miqyasında Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Bu da bizim böyük nailiyyətimizdir, aparılan siyasətin nəticəsidir. Müstəqil siyasətin nəticəsidir. Azərbaycanda şaxələndirmə ilə bağlı işlər aparılır. Enerji təhlükəsizliyi məsələləri Azərbaycanda həll olunur və burada biz liderlik mövqelərimizi daha da möhkəmləndiririk. Nəzərdə tutulmuş bütün layihələr uğurla icra edilmişdir. Çox ağır şəraitdə həm iqtisadi, həm geosiyasi vəziyyəti nəzərə alaraq bu layihələrin icra edilməsi tarixi nailiyyətdir.
Azərbaycanda regionların inkişafı ilə bağlı qəbul edilmiş proqramlar artıqlaması ilə icra edilmişdir. On il ərzində bu proqramların icrası nəticəsində işsizlik demək olar ki, aradan götürülübdür. Yoxsulluq kimi bəla demək olar ki, aradan götürülübdür. Əldə edilmiş bu uğurlar və daha da artan gücümüz imkan verəcək ki, biz növbəti illərdə də nəzərdə tutulan bütün məsələləri həll edək.” Bu fikirləri mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev səsləndirmişdir.

Dövlət başçımız: “2023-cü ilə qədər nəzərdə tutulan bütün işlər görüləcəkdir. Əminəm ki, o vaxta qədər Azərbaycan indikindən bir neçə dəfə güclü olacaqdır. Bunu deməyə əsas verən bizim 20 illik tariximizdir, ardıcıl inkişafdır, strateji baxışlarımızdır və konkret addımlarımızdır.
Azərbaycan müstəqil dövlət kimi müstəqil siyasət aparır. Bu gün bizim iqtisadi gücümüz müstəqilliyimizin əsasını təşkil edir. Bu günə qədər görülən işlər və indi başlanan layihələr bizim gücümüzü bir neçə dəfə artıracaqdır. Bu, faktdır. Yəni, bu, bizim gördüyümüz və görüləcək işlərin nəticəsində olacaqdır.

Azərbaycan bölgədə möhkəm mövqelərə malikdir. Bu mövqelər ildən-ilə ancaq və ancaq möhkəmlənəcəkdir. Çünki artıq bizim iştirakımız olmadan bölgədə heç bir məsələ öz həllini tapa bilməyəcəkdir. Bir sözlə, biz ölkəmizin inkişafı ilə bağlı uzunmüddətli strategiyamızı müəyyən etmişik.

Ölkəmizin inkişafı ilə bağlı fundamental istiqamətlər Ulu Öndər tərəfindən müəyyən edilmişdir. Ancaq təbii ki, həyat yerində durmur, dünya dəyişir, prinsiplər dəyişir, beynəlxalq vəziyyət dəyişir. Biz görürük ki, öz yerimizi möhkəmləndirmək üçün daha da güclü olmalıyıq, daha da güclü iqtisadiyyata, sənaye potensialına, orduya malik olmalıyıq. Daha da güclü beynəlxalq mövqelərimiz olmalıdır. Bizim sözümüz bütün mötəbər tribunalardan səslənir. Biz sözümüzü deyirik. Bizim sözümüz ədalətdir və həqiqətdir. Ədalət və həqiqət bizim tərəfimizdədir. Ona görə strateji xəttimizi nəzərə alaraq biz öz ardıcıl addımlarımızı atırıq və atacağıq. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bu gün cəmiyyətdə mövcud olan həmrəylik, vətənpərvərlik duyğuları ilə fəxr edir. Fəxr edir ki, Azərbaycan bu zirvələrə çata bilmişdir.”-deyə, qeyd etmişdir.

“Bu gün - Ulu Öndərin doğum günündə bir daha yaxın tarixə nəzər salırıq. Heydər Əliyevin Azərbaycan xalqı üçün nə qədər böyük və tarixi işlər gördüyünü bir daha görürük. Ona görə Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini öz qəlbində saxlayır, yaşadır. Biz - onun davamçıları isə bundan sonra da Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq doğma Vətənimizi irəliyə aparacağıq.”-deyə, Prezident İlham Əliyev bildirmişdir.
 

DİGƏR Xəbərlər Arxiv